BioGün 2025: BDU tələbələrinin Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş Hirkan səfəri
Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş çöl təcrübəsi çərçivəsində Hirkan Milli Parkına təlim-səfər həyata keçirilmişdir. Səfər çərçivəsində tələbələr “Beynəlxalq Biomüxtəliflik Günü”nə həsr olunmuş “BioGün 2025” adlı maarifləndirici tədbirdə iştirak etmişlər.
Tədbir Bakı Dövlət Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında imzalanmış təhsil və elm sahəsində inteqrasiyanın gücləndirilməsi barədə Anlaşma Memorandumu əsasında birgə təşkil olunmuşdur.
Maarifləndirici tədbirdə 144 nəfər tələbə iştirak etmiş, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Hirkan Milli Parkının nadir və endemik növlərlə zəngin ekosistemləri ilə tanış olmuşlar. Tədbir tələbələrin biomüxtəlifliyin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsipləri barədə biliklərinin artırılması ilə yanaşı, onların elmi-tədqiqat bacarıqlarının inkişafına, biomüxtəlifliyin praktiki öyrənilməsinə və ekoloji düşüncənin formalaşmasına mühüm töhfə verilmişdir.