Beynəlxalq elmi konfrans başa çatıb
Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı 11-ci Beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri müxtəlif ölkələrin alimləri ilə biologiya sahəsində yeni əməkdaşlıqlar qurmaq və mövcud əlaqələri genişləndirməkdir: “İki gün davam edən konfransda maraqlı müzakirələr aparıldı. Bu, əməkdaşlıqda ilk addım idi. Gələcəkdə yenidən belə konfransların keçirilməsi planlaşdırılır. Konfransın keçirilməsinin digər məqsədi isə öz tələbə və tədqiqatçılarımıza elmi işlərini təqdim etmələri üçün platforma yaratmaq idi. Onlar BDU-da yeni yaradılan laboratoriyalarda apardıqları tədqiqatların nəticələrini uğurla təqdim etdilər”.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova isə qeyd edib ki, biologiya elminin müasir istiqamətləri bütün elm sahələrinin inkişafına təsir göstərir. XXI əsrin biologiya əsri olduğunu vurğulayan alim bu sahədə növbəti konfransın Qarabağda keçirilməsini arzulayıb.
Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Hüceyrə Biologiyası və Biotexnologiyaları İnstitutunun direktoru Rahmetkaji Bersimbay konfransda həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin birlikdə çox faydalı elmi müzakirələr apardıqlarını diqqətə çatdırıb: “Müxtəlif ölkələrdən olan alimlərin biologiya elminin fərqli aspektlərinə aid məruzələri çox yaddaqalan idi. Bu konfransda iştirakımın əsas səbəbi Azərbaycandan olan elmi tədqiqatçıları Qazaxıstan Dövlət Universitetinə dəvət etməkdir. 2 gün davam edən konfransda bizi müşayiət edən könüllülərə dərin təşəkkürümü bildirirəm”.
Bolqarıstanın Mikrobiologiya İnstitutunun əməkdaşı Lyudmila Kabaivanova isə konfransda müzakirə edilən məsələlərin ciddi elmi nəticələr verəcəyinə əminliyini bildirib.
Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.