Beynəlxalq əlaqələr üzrə prorektor seminar keçirdi
Bakı Dövlət Universtetinin Biologiya fakültəsində Beynəlxalq əlaqələr üzrə prorektor, c.e.n., dos Pənahov Şahin Məhəmməd oğlunun “Davamlı inkişaf məqsədləri və təhsil sahəsində tətbiqləri” adlı elmi seminarı keçirildi. Seminarda fakültənin professor-müəllim heyəti, magistrlar və tələbələr iştirak edirdi.
Məruzəçi Davamlı inkişafın məqsədləri (DİM), hədəfləri və göstəriciləri, bəşəriyyətin qlobal regional, milli və lokal təşkil səviyyələrində qarşılaşdığı müxtəlif problemlərin həlli üçün hazırlanmış konsepsiya və 2016-2030-cu illəri əhatə edən inkişaf proqramı haqqında məlumat verərək, DİM-lərin təhsil və bioloji müxtəlifliklə bağlı məsələlərinə, Azərbaycanda DİM-lərin tətbiqi sahəsində qazanılmış nailiyyətlərə və qarşıda duran problemlərin həllinə xüsusi diqqət verilməsi barəsində məlumatları və statistikanı auditoriyanın nəzərinə çatdırdı. Şahin müəllim qeyd etdi ki, hazırda qlobal göstəricilər sisteminə 231 DİM göstəricisi daxildir. Təkrarlanan göstəricilər də daxil olmaqla DİM göstəricilərinin ümumi sayı 248-dir.
Məruzəçi dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişaf sahəsində əldə olunacaq tərəqqinin izlənməsinə imkan verən səmərəli, sistemli və müntəzəm qiymətləndirmə mexanizminin formalaşdırılmasının zəruriliyini xüsusu vurğuladı. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.