BDU tələbələrinin Mərkəzi Nəbatat Bağına "Bitkiləri tanıyaq" adlı ekskursiyası
Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) "Elm Günü"nə həsr olunmuş "Bitkiləri tanıyaq" adlı ekskursiya təşkil edib. Mərkəzi Nəbatat Bağında keçirilən bu tədbir, tələbələrin botanika sahəsində biliklərini artıraraq, bitki müxtəlifliyini tanıtmaq və təbiətə olan maraqlarını gücləndirmək məqsədi daşıyırdı.
Ekskursiyada Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev, "Xarı Bülbül" Qızlar Klubunun sədri professor Fərayət Əhmədova və fakültənin müxtəlif kurslarından olan tələbələr iştirak etdilər. Ekskursiya tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirmək və onları Azərbaycanın zəngin bitki örtüyü iləmüəyyən dərəcədə tanış etmək idi.
Ekskursiya zamanı Yusif Abiyev və Mərkəzi Nəbatat Bağının əməkdaşı dosent Ofeliya Qafarova tələbələrə bağın tarixi, əhəmiyyəti və burada yetişdirilən bitki kolleksiyaları haqqında ətraflı məlumat verdilər. Onlar, həmçinin, yeni əldə edilmiş qızılgül sortları və dünya florasından gətirilmiş bitkilərin Azərbaycan şəraitinə adaptasiya prosesləri barədə maraqlı məlumatlar təqdim etdilər.
Tələbələr, bələdçilərin rəhbərliyi ilə bağın müxtəlif bölmələrini gəzərək, nadir və endemik bitki növləri ilə tanış oldular. Onlar, bitkilərin morfoloji xüsusiyyətləri, ekoloji tələbləri və mühafizə tədbirləri haqqında suallar verərək, mövzunu daha dərindən anlamağa çalışdılar.
Professor Fərayət Əhmədova, ekskursiyanın sonunda tələbələrə təbiəti qorumağın və bitki müxtəlifliyinin əhəmiyyətini vurğuladı. O, belə tədbirlərin gənc biologiya mütəxəssislərinin formalaşmasında mühüm rol oynadığını və onların elmi tədqiqatlara olan marağını artırdığını qeyd etdi.