BDU tələbələri Azerbaijan Fish Farm MMC-də
22 May - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə IDEA İctimai Birliyi və Azerbaijan Fish Farm MMC-nin tərəfindən Bakı Dövlət Universitetinin bir qrup magistrantları üçün Neftçala rayonunda yerləşən Nərə Balıqartırma Zavoduna məlumatlandırıcı tur təşkil edilib.
Tədbir zamanı BDU-nun Biologiya fakültəsinin magistrantları və akademik heyəti dayanıqlı üsullarla ekoloji cəhətdən təmiz və sağlam dəniz məhsullarının istehsalı prosesi ilə tanış olublar. İştirakçılar üçün akvakultura balıqçılığı və nərəcinsli balıqların yetişdirilməsi haqqında geniş təqdimat nümayiş etdirilib, Neftçala Nərə Balıqartırma Zavodunun təsərrüfat ərazisi və dəniz sahəsinə ekskursiya təşkil edilib. Tələbələrə nərəkimilər fəsiləsinin növlərinin və alabalığın yetişdirilməsi metodları, eləcə də nərə kürüsünün istehsalı üzrə tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib. Qeyd edilib ki, hazırda dünyada dəniz bioresurslarının qarşılaşdığı təhlükələr fonunda dayanıqlı balıq təsərrüfatının inkişafı həm ətraf mühit, həm iqtisadiyyat, həm də qida təhlükəsizliyi üçün olduqca vacib əhəmiyyət kəsb edir.