BDU professorları Ege Universitetində olmuşlar
Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, İSESCO-nun Biotibbi materiallar kafedrasının müdiri professor Ülviyyə Həsənova Ege Universitetində “EGEHAYMER” Araşdırma mərkəzində təşkil olunmuş “Davamlı ətraf mühitin monitorinqi üçün bioloji toksiki test modellər”adlı təlimdə iştirak etmişlər. Təlimdə müxtəlif bioloji obyektlərin ətraf mühitin monitorinqində istifadəsi ilə əlaqədar Türkiyə Cumhuriyyəti Universitetlərinin professorlarının məruzələri dinlənilmiş və bioloji məktəblərin çalışdıqları, elmi qəbul edilmiş test obyektlərlə laborator şəraitdə master class verilmişdir. Biologiya fakültəsinin professorları Ege Universitetinin Fənn fakültəsində olmuş, fakültə dekanı Dinçer Ayaz, Biologiya fakültəsinin bölüm rəhbəri Kerim Çiçek, Molekulyar biologiya laboratoriyasının müdiri professor İsmayıl Türkan, professor Ferah Sayım, Esra Ömeroglu və digər alimlərlə görüşmüşlər. Görüşlərdə Bakı Dövlət Universiteti ilə Ege Universitetinin birgə beynəlxalq layihələrin işlənilməsi barədə müzakirələr aparılmışdır.
Ege Universiteti tərəfindən Bakı Dövlət Universiteti ilə ikili diplomların, tələbə- müəllim mübadiləsinin həyata keçməsi haqqında müzakirələr aparılmış və Ege Universiteti tərəfindən bu istiqamətdə təkliflər verilmişdir. Ege Universitetində olarkən Biologiya fakültəsinin professorları Biologiya bölümünün Molekulyar biologiya laboratoriyası ilə tanış olmuş və laboratoriyada tədqiq oluna biləcək imkanlar beynəlxalq səviyyəli alimlərlə müzakirə edilmişdir. Təlim müddətində qardaş Özbəkistan, Qırğızıstan və Qaraqalpaq Tədqiqat İnstitunun direktoru, kafedra müdirləri, professorları ilə görüşlər olmuş və birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılmışdır.