BDU-nun təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
-lg.jpg)
Baku Medical Plazanın ev sahibliyi ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qadın Sağlamlığının Qorunması: Multidissiplinar yanaşmalar” mövzusunda Respublika Elmi-praktiki konfransı keçirilib.
Tədbir Bakı Dövlət Universiteti və Qadın Sağlamlığına Dəstək Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Baku Medical Plazanın tərəfdaşlığı ilə baş tutub.
Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, onun yüksək mənəvi keyfiyyətlərindən və oftalmologiya sahəsində qoyduğu zəngin elmi irsdən və elmim praktik konfransın əhəmiyyətindən bəhs edib. Professor qeyd edib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti və insanlara həsr olunmuş ömür yolu bu gün də ictimaiyyət üçün mühüm örnəkdir.
Tədbirin rəsmi hissəsində Qadın Sağlamlığına Dəstək Assosiasiyasının həmsədri, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova, Baku Medical Plazanın baş həkim müavini İlkanə Kərəntərli və BDU-nun Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov çıxış ediblər. Çıxışlarda qadın sağlamlığının qorunmasında müasir yanaşmaların tətbiqi, profilaktikanın gücləndirilməsi və müxtəlif ixtisas sahələri üzrə həkimlərin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Natiqlər akademik Zərifə Əliyevanın xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini, onun elmi irsinin və peşəkar dəyərlərinin bugünkü tibb mütəxəssisləri üçün mühüm yol xəritəsi olduğunu bildiriblər.
Rəsmi hissədən sonra görkəmli alimin həyat və fəaliyyətini, elmi nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Konfrans işini panel müzakirələri ilə davam etdirib. Panel sessiyalarında qadın sağlamlığının qorunması, erkən diaqnostika, reproduktiv sağlamlıq, müasir müalicə protokolları, hamiləliyin izlənilməsi, ginekoloji xəstəliklərin profilaktikası və multidissiplinar tibbi yanaşmalar kimi mövzularda tanınmış həkim və mütəxəssislər çıxış ediblər. Məruzələrdə qadın sağlamlığı sahəsində aktual çağırışlar, yeni diaqnostik imkanlar, pasiyent yönümlü tibbi xidmət modeli və müxtəlif ixtisas sahələrinin inteqrasiyasının klinik praktikadakı rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mütəxəssislər qadın sağlamlığının yalnız bir ixtisas çərçivəsində deyil, ginekologiya, endokrinologiya, onkologiya, radiologiya, laborator diaqnostika, psixologiya,biologiya və digər sahələrin birgə yanaşması əsasında daha effektiv şəkildə qoruna biləcəyini qeyd ediblər. Çıxışlarda həmçinin maarifləndirmənin artırılması, mütəmadi tibbi müayinələrin aparılması və erkən müraciətin qadın sağlamlığının qorunmasında mühüm rol oynadığı vurğulanıb.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirakçılar üçün 6 DTT — Davamlı Tibbi Təhsil balı ilə qiymətləndirilib.
Tədbir akademik Zərifə Əliyevanın zəngin elmi irsinin təbliği, qadın sağlamlığı sahəsində müasir biotibbi yanaşmaların müzakirəsi və mütəxəssislər arasında elmi-praktiki əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi yadda qalıb.