BDU-nun tələbələri Milla süd emalı zavodunda
Biologiya fakültəsinin “Biotexnologiya” ixtisası üzrə lV kurs tələbələri professor Fərayət Əhmədovanın rəhbərliyi ilə "Milla" süd emalı zavoduna ekskursiya etdilər. İlk öncə zavodda tələbələr İstehsalat Əməliyyatları Departamentinin direktoru Vilay Hirave ilə görüşdülər. Müəssisənin Təlim və İnkişaf şöbəsinin müdiri Yelena Yusifzadə tələbələrə istehsal prosesində mövcüd texnologiyaların istifadəsinin təşkili və xarakteristikasını prezentasiya ilə təqdim etdi və tələbələrin nəzəri biliklərinin ümumi test şəklində monitorinqi aparıldı. Daha sonra tələbələr İstehsalat üzrə menecer Vadər Həsənovun iştirakı ilə süd, qatıq, ayran, dondurma, pendirin emalı və qablaşdırılması prosesini əyani şəkildə izlədilər. Belə ki, burada məhsul istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Məhsulların hər biri ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Zavodda məhsulların tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir. Təcrübə rəhbəri və tələbələr zavodda istifadə olunan istehsal qurğularının və biotexnoloji proseslərin iş prinsipi və analizlərin həyata keçirildiyi laboratoriya ilə də tanış oldular. Ekskursiya zamanı Yelena Yusifzadə 3 istiqamət (laboratoriya, keyfiyyət nəzarəti və istehsalat texnologiyası) üzrə istehsalat təcrübəsi keçirilməsinə şərait yarada biləcək məsələləri və mərhələləri nəzərə çatdırdı. Tələbələr, təşkil olunmuş ekskursiyanın onların ixtisas üzrə bacarıqlarının inkişafı və nəzəri biliklərinin təcrübəyə tətbiqi baxımından faydalı olduğunu bildirmişlər.