BDU könüllülərinin növbəti seminarı
"BDU Könüllüləri" Təşkilatının Biologiya və Sosial Elmlər və Psixologiya fakültələri üzrə könüllülərinin birgə təşəbbüsü ilə Fidan Nizamovanın təqdimatında "Azərbaycanın ailə dəyərləri" mövzusunda seminar keçirilib.
Seminar zamanı Azərbaycanın ailə dəyərləri, ailə problemləri, ailə problemlərinin uşaqlarda yaratdığı travmalar, bu travmaların aradan qaldırılmasında psixoloqların uşaqlara məsləhətləri, bu problemlərin yaranmaması üçün ailələrin üzərinə düşən öhdəliklər barədə geniş məlumat verilib. Fidan Namazova qeyd edib ki, ailə dəyərləri yalnız ailə üzvlərinin eyni baxış bucağına sahib olması deyil, həmçinin onun qorunub saxlanılmasıdır. Ailə dəyərlərinin eyni olduğu ailələrdə emosional vəziyyət müsbət olur. Ailə dəyərlərinə həmçinin xalqın adət və ənənələr də daxildir. Ailədə ailə üzvlərinin (ər-arvad, uşaqlar, bacı-qardaş, nənə-baba və s.) rollarının qavranılması, onların hüquq və vəzifələri, məsuliyyət sərhədləri və s. birlikdə ailə dəyərləri adlanır. O, bildirib ki, müasir ailənin ümumi psixoloji portretinin yaradılmasında qadının rolu xüsusilə əhəmiyyətlidir. Qadın haqlı olaraq ailə ocağının qoruyucusudur, möhkəm ailə isə cəmiyyətin çox mühüm dayaqlarından biridir. Yüksək savad və mədəniyyət, həssaslıq və ana müdrikliyi işdə və ev işlərində mənəvi iqlimə mühüm təsir göstərir, həyatımızı zinətləndirir, onu qorumağa kömək edir. Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi:«Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir». Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür.
Sonda mövzu ilə bağlı seminar iştirakçıları arasında müzakirə və diskussiya keçirilib, suallar cavablandırılıb.