BDU əməkdaşları və tələbələri “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” ilə bağlı tədbirdə iştirak ediblər
2 fevral – “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” münasibətilə Ağgöl Milli Parkında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WWF) nümayəndələri, eləcə də Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.
Tədbirdə su-bataqlıq ərazilərinin ekoloji əhəmiyyəti və mühafizəsi mövzusunda geniş müzakirələr aparılıb, nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyəti, onların müşahidəsi və biomüxtəlifliyin qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.
Tədbirin praktiki hissəsində iştirakçılar Ağgöl Milli Parkındakı “Böyük Ağgöl” marşrutu boyunca ekosistemlə yaxından tanış olub, su-bataqlıq quşlarını müşahidə ediblər. Eyni zamanda, köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu vurğulanıb.
Qeyd edək ki, su-bataqlıq ərazilərinin qorunması ilə bağlı 1971-ci il fevralın 2-də imzalanmış Ramsar Konvensiyasına əsasən, Azərbaycanın Ağgöl və Qızılağac milli parkları beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri kimi “Ramsar Siyahısı”na daxil edilib.