BDU-da “Xəzər sahilinin təbii bitkiliyi” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasının müəllimi, biologiya elmləri doktoru Humirə Hüseynovanın təqdimatında “Xəzər sahilinin təbii bitkiliyi, onun təsnifatı, xəritələşdirilməsi və fitosenoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə Humirə Hüseynova Xəzər sahili ərazilərindəki təbii bitki örtüyünün zəngin biomüxtəlifliyi, onun ekoloji və geobotaniki xüsusiyyətləri, fitosenozların təsnifatı və GIS texnologiyaları vasitəsilə xəritələşdirilməsi ilə bağlı geniş elmi məlumatları iştirakçılarla bölüşüb.
Çıxışda vurğulanıb ki, Xəzər sahilinin bitkiliyi iqlim şəraiti, relyef, torpaq və antropogen amillərin təsiri ilə formalaşır və bu ərazi 6 əsas ekoloji-geobotaniki zonaya ayrılır: meşə, kolluq, yarımsəhra, səhra, dənizkənarı qumlu səhra (psammofit) və su-bataqlıq bitkiliyi. Hər zonanın özünəməxsus biomorfoloji quruluşu, dominant növləri və ekoloji tələbləri var.
Tədqiqatlar nəticəsində Xəzər sahilində 25 formasiya sinfi, 125 formasiya qrupu və 179 assosiasiya müəyyən olunub. Bu təsnifat ekosistemlərin fitosenoloji strukturunu və biomüxtəlifliyin təşkilati səviyyələrini əhatə edir. Əldə olunan nəticələr bitki örtüyünün morfologiyası, funksional strukturu və ekoloji rolunun daha dərindən anlaşılmasına imkan yaradır.
Seminarda həmçinin ekoloji-geobotaniki xəritələndirmə prosesinə də toxunulub. 1:200 000 miqyaslı xəritələr müasir Coğrafi informasiya sistemləri və kompüter modelləşdirilməsi vasitəsilə hazırlanıb. Bu xəritələr fitosenozların coğrafi yayılmasını, zonal və intrazonal xüsusiyyətlərini dəqiq əks etdirir və biomüxtəlifliyin qorunması, təbii resursların idarə olunması və ərazilərin ekoloji monitorinqi üçün mühüm elmi baza yaradır.
Seminarın digər bir hissəsində fitosenoloji təhlillər, bitkilərin fenoloji mərhələləri, vegetasiya dövrlərinin müxtəlif zonalarda necə dəyişdiyi və bu dəyişikliklərin ekoloji stresslərə uyğunlaşma, biokütlə, məhsuldarlıq və ekosistem davamlılığı baxımından əhəmiyyəti geniş şəkildə izah olunub.
Təqdim olunan bu elmi nəticələr Azərbaycanın Xəzər sahilindəki təbii sərvətlərin qorunması, ekoloji balansın təmin olunması, təbii yem sahələrinin idarə olunması və praktiki ekoloji strategiyaların hazırlanması baxımından strateji əhəmiyyət daşıyır.