BDU-da WWF ilə maarifləndirici görüş keçirilib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümumdünya Təbiətin Mühafizəsi Fondu (WWF) ilə maarifləndirici görüş keçirilmişdir.
Tədbirdə Biologiya fakültəsinin müəllim və tələbə heyəti iştirak etmişdir. Görüşün əsas məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması və nadir, nəsli kəsilməkdə olan növlərin qorunmasına dair biliklərin artırılması olmuşdur.
Tədbirdə WWF-in Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Könül Əhmədova iştirak edərək, ölkəmizdə nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi sahəsində həyata keçirilən mühüm layihələr haqqında geniş təqdimatla çıxış etmişdir. O, ceyranların təbiətə qaytarılması (reintroduksiya), eləcə də bəbirlərin və Qafqaz kəlilərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Görüş interaktiv müzakirələrlə davam etmiş, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlamış və ekoloji fəaliyyətə maraq göstərmişlər.
Bu cür tədbirlər gənclərin təbiətin mühafizəsində fəal iştirakını təşviq etmək və ekoloji mədəniyyət, ekoloji etikanı artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.