BDU-da fakültələr arası “Xəmsə” intellektual yarışı keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xəmsə” intellektual yarışı keçirilib.
Tədbir Azərbaycan xalqının milli birliyini və həmrəyliyini təcəssüm etdirən əlamətdar günə həsr olunmaqla yanaşı, tələbələrin intellektual potensialının üzə çıxarılması, bilik və dünyagörüşünün artırılması məqsədi daşıyıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İntellektual yarışın açılış mərasimində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Könül Aslanova çıxış edərək bu cür elmi-intellektual tədbirlərin tələbələrin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Daha sonra Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev çıxış edərək fakültələrarası əməkdaşlığın əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb.
Ardınca Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Raul İmanov çıxış edərək iştirakçıları salamlayıb, yarışın keçirilmə məqsədləri barədə məlumat verib və “Xəmsə” intellektual yarışının qaydalarını ətraflı şəkildə izah edib.
Tədbirin sonunda Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Rasim Abbaszadə çıxış edərək bu cür birgə təşəbbüslərin tələbələr arasında elmi marağın və komanda ruhunun gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
Yüksək rəqabət və böyük maraq şəraitində keçən intellektual yarışın sonunda 9 komandadan bilik və çevik düşünmə bacarıqları ilə fərqlənən “Evrika” komandası qalib elan olunub və mükafatlandırılıb.