Bakı Zooloji Parkında açıq dərs
Biologiya fakültəsinin tələbələri üçün Bakı Zooloji Parkında fərqli heyvan növlərinin ekologiyası, davranış xüsusiyyətləri, yaşama mühiti və digər xüsusiyyətlərindən bəhs edən açıq dərs təşkil olunub. Bu açıq dərsin əsas məqsədi tələbələrə zoologiyanın əsaslarını təbii şəraitdə öyrətmək, müxtəlif heyvan növləri haqqında ətraflı və canlı məlumatlar təqdim etmək idi.
Açıq dərs zamanı Fakültənin dosenti biologiya üzrə fəlsəfə doktoru Sevinc Hümbətova tələbələrə dəvəquşukimilərin və emuların təkamülü, digər quşlardan fərqli xüsusiyyətləri, morfo-fizioloji quruluşlarının spesifik əlamətləri və bu əlamətlərin təkamül səbəbləri haqqında məlumatlar təqdim etdi. O, dəvəquşukimilərin müxtəlif yaşama mühitlərinə uyğunlaşmalarından, onların xüsusi anatomik quruluşundan və niyə digərlərinə nisbətən fərqli yaşama tərzləri inkişaf etdirdiklərindən bəhs etdi. Bu mövzuda xüsusi vurğu edilən məqam emuların və dəvəquşukimilərin böyük cüssələrinə baxmayaraq digər quş növlərindən necə fərqli şəkildə davranış nümayiş etdirmələri oldu.
Daha sonra Hümbətova kenqurular haqqında izahlar verərək, onların xüsusi lokomotiv xüsusiyyətlərindən və təbiətə uyğunlaşmalarından bəhs etdi. Tələbələr kenquruların necə hərəkət etdiklərini və onların qeyri-adi hərəkət mexanizmlərini daha yaxından müşahidə etdilər. Açıq dərsin digər maraqlı hissələrindən biri də təbii şəraitdən təcrid olunmuş və ya qəfəsdə saxlanılan heyvanların nümayiş etdirdiyi stereotipik davranışlar idi. Hümbətova, bu davranışların heyvanların etoloji vəziyyəti və təbii instinktlərinə təsirini izah etdi.
Dərs zamanı tələbələr həmçinin ölkəmizdə olan bioloji müxtəlifliyin qorunmasının vacibliyindən və zooloji parkların bu prosesdəki əhəmiyyətindən də danışdılar. Heyvanların qorunması və bu müxtəlifliyin gələcək nəsillərə çatdırılması məsələsi ətrafında geniş müzakirələr aparıldı. Həmçinin, Sevinc xanım, Azərbaycandakı müxtəlif heyvan növlərinin təbiətdəki rolu, onların nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərdən biri olan bəzi heyvanlar haqqında da məlumat verdi.