Bakı və region gənclərinin I elmi konfransı keçirildi
20 aprel 2023-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasınən Gənclər Fondunun maliyyə dəstəyi, BDU-nun və Azərbaycan Elm və İnnovasiya könüllülərinin təşkillatçılığı ilə Bakı və region gənclərinin I elmi konfransı keçirilmişdir. Tədbirdə BDU-nin Elmi təşkilatı şöbənin müdiri Mais Süleymanov, Biologiya fakültəsinin dekanı Afət Məmmədova konfransı açıq elan etdilər. Mais müəllim gələcəkdə BDU-nun elm-tədqiqat universiteti statusunun almasından, Afət Məmmədova isə dövlət gənclər siyasətinin uğurla davam etdirilməsini qeyd edərək, gənclərin konfranslarda iştirakının tədqirə layiq addım olduğunu bildirdi. Sonra layihə rəhbəri biologiya fakültəsinin IV kurs tələbəsi Züleyxa Qənbərova qalibi olduğu qrantın əldə olunması və bu vaxta kimi görülən işlər haqqında ətraflı şəkildə məlumat verdi. O, layihənin “İdeyanı Reallaşdır - 2022” Qrant Müsabiqəsində “Gənc Lider” kateqoriyası üzrə qalib olduğunu bildirərək, 19 və 27 mart 2023-cü il tarixlərində Tezislərin yazılma qaydaları adlı təlimlərin keçirildiyini, 15 mart- 8 aprel tarixlərində 5 müxtəlif istiqamət üzrə BDU, BANM, BMU, ADPU, QKU, ADU, NDU, LDU, Xəzər Universitetinin bakalavr və magistr tələbələri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində olan Genetik Ehtiyatlar İnstutu, Molekulyar biologiya və biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Fizika İnstitutu, Neft- Kimya Prosesləri İnstitutu, Kataliz və qeyri-üzvi kimya İnstitutunun gənc tədqiqatçıları tərəfindən göndərilən 135 tezisin rəydən keçirilərək 107-nin konfransın proqramına daxil edildiyini qeyd edərək, bütün bu proseslərin həyata keçirilməsində Azərbaycan Respublikasının Gənclər Fonduna, BDU-nun rəhbərliyinə, Azərbaycan Elm və İnnovasiya könüllülərinə, konfransın təşkilat və proqram komitəsinə öz təşəkkürünü bildirdi. Daha sonra təşkilat komitəsinin sədri Sevinc Hümbətova, layihənin təşkilatçısı Əfsanə Surxaylı, konfransın proqram komitəsinin üzvləri Ələkbər Hüseynzadə və Orxan Güləhmədov öz çıxışlarında Gənclər Fondu tərəfindən maliyyələşdirilən belə layihələrin Azərbaycan gəncliyinə verdiyi töhfələrdən bəhs edərək, gənclərin belə layihələrdə aktiv iştirak etməsini, gələcəkdə onların öz layihələrinin rəhbəri və koordinatorları olmasını vurğulayaraq, konfransda iştirak edən gənclərə uğurlar arzuladılar.
Daha sonra konfransın dəvət olunmuş məruzəçisi Kim Jiseok “Triboelectric Nanogenerators (TENGs): a novel energy harvesting idea from an old and well-known phenomenon” mövzusunda çıxış edərək yeni növ enerji toplamaq strategiyasına malik TENG və onlar əsasında hazırlanan sistemlər haqqında məlumat verdi. Ardınca məruzəçinin və konfransın təşkilat və proqram komitəsinin mükafatlandırılması baş tutdu.
Sonda konfrans iştirakçıları ilə birgə xatirə fotosu çəkildi və bununla da konfransın plenar iclası başa çatdı. Ardınca fakültələrdə konfransın bölmələri üzrə məruzələr dinlənildi. Konfrans öz işini uğurla yekunlaşdırdı.