Bakı Dövlət Universitetinin Coğrafiya və Biologiya TGT-in təşkilatçılığı ilə “Zəfərin səsi” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin Coğrafiya və Biologiya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Zəfərin səsi” adlı tədbir keçirilib.
Tədbirdə fakültələrin rəhbər heyəti, professor müəllim heyəti, tələbələr və qonaqlar iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov Zəfər Gününün Azərbaycan xalqının tarixində əbədi qürur və iftixar rəmzi olduğunu bildirib. O, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbənin 5-ci ildönümünün böyük fəxarət və milli birlik hissi ilə qeyd olunduğunu vurğulayıb.
Sonra tədbirdə Vətən müharibəsi iştirakçıları, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadə, eləcə də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunları – Ömər Bozbaxov və Cavid Aşurov çıxış ediblər.
Onlar Vətən müharibəsi illərində yaşadıqları döyüş xatirələrini, ön cəbhədə keçirdikləri unudulmaz anları, silahdaşlıq və vətən sevgisinin gücünü tədbir iştirakçıları ilə bölüşüblər. Çıxışlar zamanı qəhrəman döyüşçülər Azərbaycan Ordusunun qələbəsini təmin edən birlik, intizam və yüksək mənəvi ruhun əhəmiyyətini vurğulayıblar.
Söz alan qonaqlar gənclərə Vətənə sədaqətli olmaq, dövlətin müdafiəsinə hər an hazır durmaq, azərbaycançılıq və milli kimlik dəyərlərini qorumaq kimi mühüm mesajlar veriblər. Onların səmimi, emosional çıxışları zalda dərin təəssürat yaradıb, qürur, minnətdarlıq və vətənpərvərlik hisslərini daha da gücləndirib.
Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik mövzusunda rəqs, musiqi və şeir nömrələri ilə çıxış ediblər. Səhnə nümayişləri zəfər ruhunu, Azərbaycan əsgərinin qəhrəmanlığını və xalqımızın azadlıq iradəsini ifadə edib.