Bakı Dövlət Universitetində “Zəfərin izi ilə...” adlı bədii gecə keçirilib

06 noyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tələbə İnkişaf Mərkəzində “BDU könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə könüllülərinin və “Bioteam” klubunun birgə əməkdaşlığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərin izi ilə...” adlı bədii gecə keçirilib.
Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, fakültənin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək 8 Noyabr Zəfər Gününün xalqımızın tarixində mühüm yer tutduğunu, bu qələbənin dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və milli ruhunun təntənəsi olduğunu vurğulayıb. Afət xanım gəncləri şəhidlərimizin əziz xatirəsini daim uca tutmağa, bu qələbəni qorumağa və gələcək nəsillərə ötürməyə çağırıb.
Sonra Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadə çıxış edərək döyüş xatirələrindən, Zəfər yolunda Azərbaycan əsgərinin göstərdiyi igidlik və fədakarlıqdan danışıb. O, gənclərin Vətənə sevgi, dövlətə sədaqət və milli ruhda yetişməsinin vacibliyini qeyd edərək, şəhidlərin müqəddəs xatirəsinin hər zaman xalqın yaddaşında yaşayacağını bildirib.
Tədbirdə həmçinin Vətən müharibəsi iştirakçısı, Qarabağ ordenli mayor Elşən Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan söz açıb, gəncləri bu ruhu qorumağa və Vətənə layiqli vətəndaş olmağa səsləyib.
Tələbələr Zəfərin simvoluna çevrilmiş Xarıbülbül, azad Qarabağ və qələbə mövzularını əks etdirən çıxışlarla tamaşaçılarda dərin emosional təəssürat yaradıblar.