Bakı Dövlət Universitetində “Elm günü”nə həsr edilmiş növbəti elmi seminar keçirildi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Qaradəniz Texniki Universitetinin Molekulyar Biologiya və Genetika şöbəsinin tanınmış tədqiqatçısı olan dosent Murat Erdem Güzel "Bitki Molekulyar Sistematika Tədqiqatları Üçün Multi Nümunələmə Metodologiyasının İstifadəsi" mövzusunda onlayn təqdimat etdi.
Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak etdilər. Fakültənin dekanı Afət Məmmədova tədbiri giriş sözü ilə açaraq, molekulyar sistematika sahəsində yeniliklər, çoxlu nümunələmə metodunun əhəmiyyəti və bu metodun tətbiqinə dair praktiki yanaşmaların müzakirəsinin vacibliyini vurğuladı.
Dr. Murat Erdem Güzel məruzəsində bitki sistematikasının molekulyar yanaşmalarla daha dəqiq tədqiq oluna biləcəyini bildirdi. O, multisampling metodologiyasının xüsusilə endemik növlərin dəqiq müəyyən edilməsi və onların təkamül tarixçəsinin izahında mühüm rol oynadığını qeyd etdi. Bu yanaşmanın əhəmiyyətini göstərmək üçün o, Azərbaycanın endemik bitkilərindən biri olan Bakı keçəotusu (Nonea bakuensis) üzərində aparılmış tədqiqatları nümunə kimi təqdim etdi.
Seminar çərçivəsində filogenetik ağac anlayışı və onun sistematik tədqiqatlardakı rolu da müzakirə olundu. İştirakçılar tərəfindən maraq doğuran suallar verildi və qarşılıqlı elmi fikir mübadiləsi aparıldı.
Belə tədbirlər bitki molekulyar sistematikası sahəsində çalışan tədqiqatçılar üçün vacib platforma olmaqla yanaşı, gənc alimlərin elmi araşdırmalara marağını artırmağa və beynəlxalq əməkdaşlıqların qurulmasına xidmət edir. Bakı Dövlət Universitetinin Biologiya fakültəsi gələcəkdə də bu kimi elmi tədbirləri təşkil edərək, alimlər və tələbələr arasında bilik və təcrübə mübadiləsini davam etdirmək niyyətindədir.