Bakı Dövlət Universitetində Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məhkəmə Genom Ekspertiza Simulyasiyası” uğurla baş verdi
12 may 2025-ci il tarixində Bakı Dövlət Universitetində "Məhkəmə Genom Ekspertiza Simulyasiyası" adlı interaktiv təlim-simulyasiya işə başlayıb və 3 gün davam edib. Tədbir Biologiya fakültəsi, Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Biologiya və Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir
Simulyasiyada 3 tələbə komandası iştirak edib. Tədbirin əsas məqsədi tələbələrə məhkəmə-genom ekspertiza sahəsində praktik bilik və bacarıqlar aşılamaq, onları sübutların elmi təhlili prosesinə cəlb etməklə tədqiqat vərdişlərini inkişaf etdirmək olub.
Birinci gün iştirakçılara məhkəmə-genetik ekspertizada istifadə olunan bioloji və genetik testlər və onların tətbiq sahələri barədə nəzəri məlumatlar təqdim olunub. İkinci gün komandalar onlara təqdim olunmuş materiallar əsasında tədqiqat işi apararaq analiz və nəticə çıxarma prosesini həyata keçiriblər.
Simulyasiyanın sonuncu günü komandalar öz işlərinin nəticələrini təqdim ediblər. Təqdimat mərasimində Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək bu ixtisasın müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov çıxış edərək bu cür praktiki təlimlərin tələbələrin gələcək peşəkar fəaliyyətində mühüm rol oynadığını qeyd edib. Ardınca Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Nigar Hüseynova çıxış edərək komandaları professorlardan ibarət münsiflər heyətinə təqdim edib və onlara uğurlar arzulayıb.
Hər üç komandanın işi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən, 167A komandası qalib elan olunub və həmin komanda üzvləri sertifikatla təltif edilib.
Qeyd edək ki, bu təşəbbüs "Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının
2.1.5. müvafiq sahədə xüsusi təhsil proqramlarının (ixtisasların) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələndirilməsi imkanlarının təhlili əsasında təkliflərini;bəndinə əsasən həyata keçirilmişdir
Tədbirdə tələbələr elmi tədqiqat bacarıqlarını və komanda ilə işləmə qabiliyyətini artırmaqla yanaşı, onlar məhkəmə-genom ekspertiza sahəsində real proseslərlə tanış olub. Simulyasiya iştirakçıların böyük marağına səbəb olub və gələcək illərdə bu tip tədbirlərin davam etdirilməsi planlaşdırılır.