“Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri” mövzusunda seminar keçirilmişdir
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Zoologiya və fiziologiya” kafedrasının dosenti Sevinc Hümbətova tərəfindən “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri” mövzusunda seminar keçirilmişdir. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.
Sevinc Hümbətova çıxışında iqlim dəyişiklərinin səbəbləri, karbon emissiyası, ətraf mühitin çirklənməsi, istiləşmə kimi məsələlərə toxunaraq, bu problemin yer kürəsininin sakinlərinin sağlamlığını təhdid etməsindən bəhs etdi. Həmçinin, o, iqtisadi inkişafın iqlim dəyişikliyinə təsirinə vurğu edərək, inkişaf etmiş ölkələrin daha çox məsuliyyət daşıması, lakin inkişaf edən ölkələrin də yaşıl iqtisadiyyata keçid, bərpa olunan enerji ilə bağlı təşəbbüslərin dəstəklənməsini, yerli icmaların maarifləndirilməsini, həmçinin alternativ gəlir mənbələrinə cəlbinin vacib tərəflərini qeyd etdi.
Məruzəçi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası dəstəkləməsindən, Tərəflər Konfransının tarixindən, müvafiq sahədə təsiredici rolundan danışaraq vurğuladı ki, 29-cu Tərəflər Konfransının Azərbaycanda keçirilməsi, ölkənin məqsədli ekoloji siyasəti ilə bağlıdır. Əlavə olaraq Hümbətova təqdimatında bildirdi ki, Azərbaycan coğrafi-iqlim şəraitinə görə yaşıl enerji potensialı yüksək ölkədir ki, son illər investorların diqqətini cəlb edir və onlarla bu istiqamətli həcmli layihələr həyata keçirilir. COP29 tədbiri Azərbaycanın neft-qaz ölkəsi olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətdə ölkənin müvafiq istiqamətdə apardığını siyasəti haqqında fikir formalaşdırılmasında və kapital cəlb edilməsində əhəmiyyətli rol oynayacaq.
Sonda iştirakçılarla birlikdə COP29-un Azərbaycan üçün yaradacağı yeni imkanlar, həmçinin ekoloji problemlərin həllində potensial layihələr haqqında hərtərəfli müzakirə aparıldı və fakültə heyəti yaşıl iqtisadiyyat yönümlü siyasətin, tədqiqatların və programların vacibliyində həmrəy fikir ortaya qoydular.