Azərbaycan alimlərinin nanohissəciklərlə bağlı tədqiqatı Pakistanda beynəlxalq konfransda təqdim olunub

18–20 avqust 2025-ci il tarixlərində Pakistan İslam Respublikasının Karaçi şəhərində, Karaçi Universitetinin Kimya və Bioloji Elmlər üzrə Beynəlxalq Mərkəzində “Nanoscience and Nanotechnology (ICNN-1)” mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir.
Konfransda Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dosenti Çingiz Məmmədov və AMEA Biotexnologiya İnstitutunun əməkdaşlarının birgə müəllifliyi ilə hazırlanmış “Study of the effect of metal nanoparticles on the reproductive processes of fish” mövzulu tədqiqat təqdim olunmuş və sertifikatla qiymətləndirilmişdir.
Tədqiqat işi Azərbaycan Respublikasının Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Əsas qrant müsabiqəsi – 2024” (AEF-MGC-2024-2(50)) çərçivəsində yerinə yetirilir. İşdə antropogen mənşəli metal nanohissəciklərin balıqların reproduktiv proseslərinə, kürü məhsuldarlığına, ontogenezinə və nəsildən-nəsilə ötürülmə xüsusiyyətlərinə təsiri histoloji, biokimyəvi və biofiziki metodlarla araşdırılır.