FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR BAŞ TUTDU
Biofizika və biokimya kafedrasının əvəzçiliklə dosenti, b.ü.f.d. Aygün Namiq qızı Nəsibova 10 may 2022-ci il tarixində “Canlı sistemlərdə anomal maqnit xassələri” adlı məruzə ilə çıxış etdi.
Məruzənin mövzusu canlı sistemlərə müxtəlif stres amillərin təsirinin tədqiqi zamanı ali bitkilərdə və digər bioloji sistemlərdə nanofazalı dəmir oksidi maqnit hissəciklərinin biogen generasiyası hadisəsinin aşkar edilməsinə həsr edilmişdir. Ionlaşdırıcı qamma radiasiyanln və radioaktiv çirklənmənin canlı sistemlərə təsiri in vivo və in vitro tədqiqatları ilə araşdırılmışdır.
Elmi seminarda Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyası üsulu ilə aparılan araşdırmalarda stres zamanı canlı sistemlərdə yeni paramaqnit mərkəzlərin aşkar edilməsi və ilk dəfə olaraq onların dəmir oksidi maqnit nanohisssəciklərinə məxsus olması müzakirə olundu. Müəyyən edilmişdir ki, EPR siqnalının dəmir oksidi maqnit nanohissəciklərini xarakteizə edən parametrləri (amplitud, siqnalın eni, g-faktor və s.) temperaturdan asılıdır və bu siqnal maqnit anizotropiyasına malikdir.
Seminarda məruzəçi istər təbiətdə bitən ağac və kol bitkilərinə, istərsə də laboratoriyada bitki toxumlarının cücərtilərinə stres amillərinin müəyyən dozalarda təsiri onlarda yeni paramaqnit mərkəzlərin yaranmasına səbəb olmasını və bu paramaqnit mərkəzlərin yaranması stres zamanı onlarda biominerallaşma hadisəsi nəticəsində kristallik dəmir oksidi maqnit nanohissəciklərinin yaranması ilə əlaqədar olmasınını sübut edən təcrübə nəticələrini EPR üsulu ilə aparılan tədqiqatların nəticələri radioekoloji, biofiziki, nanobiotexnoloji tədqiqatlarda informativ xarakter daşımasını auditoriyaya çatdırdı. Alınan nəticələr ətraf mühitin ekoloji vəziyyətinin biomonitorinqində mühüm əhəmiyyətə malikdir, eyni zamanda biotibbi tədqiqatlarda diaqnostika və terapiya məqsədləri ilə tətbiq oluna bilərlər.