AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 yaşı tamam olur

Tanınmış alim, “Tərəqqi” medallı, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 yaşı tamam olur.
Qurbanov Elşad Məcnun oğlu 2 yanvar 1951-ci ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Qarakilsə (Sisian) rayonunun Urud kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini “Botanika” ixtisası üzrə bitirmişdir.
E.Qurbanov 1984-cü ildə “Botanika” ixtisası üzrə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusunda biologiya elmləri üzrə namizədlik, 2004-cü ildə “Botanika” ixtisası üzrə “Atropatena əyalətinin florası və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
E.Qurbanov 1982-1988-ci illərdə Bakı Dövlət Universitetində baş laborant, 1988-1992-ci illərdə Botanika və bitki fiziologiyası kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1992-ci ildən həmin kafedranın müdiridir.
E.Qurbanov ilk dəfə Azərbaycan Respublikası üçün morfoloji, ekoloji əlamətlərinə, dominant və subdominant növlərinə görə digər bitkilik tiplərindən fərqlənən “səhra” və “psevdomakki” bitkilik tiplərinin ölkə ərazisində yayıldığını isbat edərək, elmə yenilik kimi gətirmiş və onları bitkilik xəritəsinə əlavə etmişdir. O, Azərbaycan florası üçün onlarla növün yeni yayılma areallarını müəyyənləşdirmiş, neft və neftlə çirklənmiş torpaqların biorekultivasiyasına aid bəzi tədbirlər planı hazırlamışdır.
Professor Elşad Qurbanov 500-ə yaxın elmi əsərin (200-ə qədəri xaricdə), 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən çox proqram və metodik göstərişin, 15 ekoloji-geobotaniki xəritənin, 16 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, 28 kitabın elmi redaktorudur. O, dəfələrlə beynəlxalq (Avropa, Rusiya, Türkiyə, Gürcüstan, İİR) və respublika elmi konfranslarında çıxış etmişdir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II və III nəşrlərinin redaksiya heyətinin üzvü olmuşdur. Alimin son zamanlar apardığı elmi tədqiqat işlərinin yekunları dəfələrlə mühüm nəticə kimi AMEA-nın illik hesabatına daxil edilmişdir. Alim Azərbaycanın bir çox bölgələrinin ekoloji-geobotaniki xəritələrini və Azərbaycanın bitki örtüyü xəritəsini tərtib etmişdir.
Elşad Qurbanovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər və 18 fəlsəfə doktoru, 60-dan çox magistrant hazırlanmışdır. Hazırda 5 doktorantın elmi rəhbəridir.
Alim bir çox ölkələrin akademiyalarının həqiqi üzvü seçilmişdir. 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və aqrar elmlər üzrə Ekspert şurasının sədridir. O, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının üzvüdür. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
E.Qurbanov elmi işlərinin nəticələrinə görə dəfələrlə AMEA-nın Fəxri fərmanlarına, elmi-pedaqoji fəaliyyətinə görə “İlin alimi”, “İlin müəllimi” və “İlin kafedra müdiri” fəxri adlarına layiq görülmüş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, “Tərəqqi” medalı ilə təltif olunmuş, 2019-cu ildə “Əməkdar elm xadimi” fəxri adını və “BDU-nun 100 illiyi” yubiley medalını almışdır.
AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi-pedaqoji fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Avropa Nəşr Mətbuat Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu (2015), Beynəlxalq Qızıl Ulduz medalı (2019) ilə təltif olunmuş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir (2021).
Tanınmış alim, yetirmələrinin və tələbələrinin “canlı ensiklopediya” adlandırdığı Elşad Məcnun oğlu Qurbanovun 2026-cı il yanvar ayının 2-də 75 yaşı tamam olur. Elşad müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun, sağlam və mənalı ömür, elmi və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.