Akvaponika sistemləri barədə təlim keçirilib
Bakı Dövlət Universitetinin TİİMM (Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi) və Biologiya fakültəsinin təşkilatçılığı ilə "Nəzarətli mühitdə kənd təsərrüfatı" ("Controlled environment agriculture") mövzusunda elmi təlim keçirilmişdir. Təlimi hidroponika və akvaponika sistemləri üzrə ixtisaslaşan, Danbury Hydroponics şirkətinin təsisçisi Dylan Mehri aparırdı. Görüşdə həmçinin bu sahədə ABŞ-da biznes təcrübəsi olan Elşən Baloğlanov da inovativ kənd təsərrüfatı sistemlərinin istifadəsi, müsbət və mənfi cəhətləri ilə bağlı öz fikirləri ilə iştirakçılarla bölüşmüş və onların suallarını cavablandırmışdır. Təlimdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Biologiya fakültəsinin əməkdaşları və tələbələr iştirak etmişlər. Təlimçilər hidropon və akvapon sistemləri, onların işləmə prinsipləri, bu sahədə mümkün olan optimal variantlarını auditoriyaya təqdim etdilər. Təlim zamanı Azərbaycanda bu sahədə olan müasir sistemlərlə akvapon sisteminin müqayisəsi verilmiş, iqtisadi və sənaye səmərəliliyi göstərilmişdir. Çıxışlardan sonra təlimçilərlə iştirakçılar arasında maraqlı müzakirələr baş tutmuşdur.