"8 Noyabr- Zəfər günü"nə həsr olunmuş tədbir keçirildi
Biologiya fakültəsində "8 Noyabr- Zəfər günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, rektorun Elm və təhsil üzrə müşaviri Aydin Kazımzadə, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak etdilər. Tədbirdə Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının professoru Ralfrid Həsənov və Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirlinin rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirildi.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur. Sarsılmaz xalq–iqtidar-ordu birliyi hesabına qazandığımız böyük Qələbə sonrakı zəfərlərə yol açıb. Bu il sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olunub. Rektor Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda yeni reallıqlar yaratdığını vurğulayıb.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbənin əhəmiyyətindən, onun gənclərin vətənpərvərlik ruhunda inkişafında rolundan bəhs etdi.
Fakültənin nəzdində fəaliyyət göstərən "Xarı Bülbül qızlar klubu"nun rəhbəri Fərayət Əhmədova çıxış edərək, Zəfər günü ərəfəsində klub üzvləri ilə birlikdə fakültədə təhsil alan şəhid övladının ailəsini ziyarət etdiklərini bildirdi. Sonra şəhid övladı, fakültənin I kurs tələbəsi Xalidə Əsgərova atasının göstərdiyi şücaətlər barədə danışdı, atasının adını hər zaman uca tutacağına söz verdiyini bildirdi.
Tədbir tələbələrin ifasında musiqi və rəqs nömrələri ilə davam etmişdir.