35 ildən sonra məzunlar dogma təhsil ocağında
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 1983-1988-ci illərdə təhsil almış məzunlar 35 ildən sonra BDU-da olublar. Məzunların təhsil aldıqları müddətdə mühazirə dərsləri universitetin 445 saylı auditoriyasında keçirilirdi və 35 ildən sonra həmin auditoriyanın qapısını açaraq onlara dərs deyən müəllimləri kürsüdən dinləmək və tələbə yoldaşlarının hiss və fikirləri ilə bölüşmək məzunlar üçün tarixə yazılan bir gün idi. Məzunlara vaxtılə dərs demiş BDU-nun professorları Niftalı Qocayev, İbrahim Zeynalov, Məcnun Babayev, Rövşən Xəlilov və Vilayət Abdıyev görüşdə iştirak etmiş, keçmiş xatirələrdən fikirlər və tövsiyyələr səsləndirilmişlər.Tədbirdə həmçinin çıxış edən hər bir məzun məhz Bakı Dövlət Universitetinin məzunu olması ilə qürur duymalarını qeyd etmiş, universitetin divarları arasında keçirtdikləri hissləri tələbə yoldaşları və müəllimləri ilə bölüşmüşlər, bu günün heç bir zaman unudulmayacağını qeyd etmişlər.
Görüş zamanı Ulu Öndərin, şəhidlərimizin və dünyasını dəyişmiş müəllim və tələbələrin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir. Fakültə dekanı Afət Məmmədova fakültənin uğurlarından və gələcək planları haqqında çıxış etmiş, məzunların fakültə həyatında rol oynaya biləcək imkanlarından məlumat vermişdir. Məzunlar universitetin doğma dəhlizlərini gəzərək fakültənin auditoriyalarında və Təkamül Təlimi muzeyində olmuşlar. Xatirə fotoları çəkildikdən sonra görüş bədii hissə ilə davam etmişdir.