Genetika kafedrası müstəqil kafedra kimi “Genetika və darvinizm“ adı ilə 1937-ci ildə yaradılsa da 1919-cu ildə universitet fəaliyyətə başlayarkən tibb fakultəsində digər fənnlərlə yanaşı genetika fənni də tədris olunmuşdur. Kafedra müstəqil olaraq fəaliyyətə başladıqdan sonra onun ilk müdiri əməkdar elm xadimi, biologiya elmləri doktoru, mərhum professor Mirəli Abdulla oğlu Axundov (1937-1988), sonra kənd təsərrüfat elmləri doktoru professor Rauf Ələkbər oğlu Quliyev (1988-2019) olmuşdur. 2019-cu ildən kafedraya biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V, VI çağırış deputatı Kamilə Əli Ağa qızı Əliyeva rəhbərlik edir.
2008-ci ildən kafedra “Genetika və təkamül təlimi”, 2019-cu ildən isə “Genetika” kafedrası adlanır.
“Genetika” kafedrasında 12 nəfər professor-müəllim və 3 köməkçi heyət, o cümlədən: 3 professor, elmler doktoru, 7 elmlər namizədi, 4 dosent, 1 baş müəllim fəlsəfə doktoru; 2 müəllim; 2 0.5 ştat müəllim çalışır.
Kafedrada bakalavr təhsil pilləsi üzrə “Genetika”, “Genetika və seleksiya”, “Sitologiya”, “Histologoiya”, “Fərdi inkişafın biologiyası”, “Təkamül təlimi”, “Biologiyanın tədrisi metodikası”, “Ekoloji genetika”, “Kurrikulumun əsasları” fənnləri tədris olunur. Magistratura pilləsində iki ixtisas üzrə (“Genetika” və “Bitkilərin genetikası və seleksiyası” ) magistrlar hazırlanır. Magistratura təhsil pilləsində “Genetika” ixtisası üzrə “İmmunitetin genetikası”, “Bitki seleksiyası”, “Təkamülün genetikası”, “Tibbi genetika”, “Bitki genetikası”, “Biologiyanın müasir problemləri”, “Biologiyanın tarixi və inkişafı”, “Tətbiqi mutagenez”, “İxtisasın metodları”, “Canlı orqanizmlərin xüsusiyyətləri” fənnləri, “Bitkilərin genetikası və seleksiyası” ixtisası üzrə bunlardan əlavə “Subtropik bitkilərin seleksiyası”, “Meyvə və giləmeyvə bitkilərinin seleksiyası”, “Tərəvəz və bostan bitkilərinin seleksiyası” fənnləri də tədris olunur. Hər il kafedra üzrə 5-7 magistrant müdafiə edərək magistr dərəcəsinə yiyələnir. Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq, genetikadan icmal mühazirələr oxunur. Kafedrada son illər ərzində 30-dan artıq dərslik və dərs vəsaiti, 500-dən çox elmi məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir. Kafedra əməkdaşları “3-cü dərəcəli əmək ordeni”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (1918-2018)“ yubiley medalı, ”Bakı Dövlət Universitetinin 100 illiyi” (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, “Əməkdar müəllim” fəxri adı, BDU üzrə “İlin müəllimi” fəxri adı, BDU-nun fəxri fərmanları və s. ilə təltif edilmişlər.
1937-ci ildə prof. M.A.Axundovun təşəbbüsü və bilavasitə iştirakı ilə kafedranın nəzdində “Təkamül təlimi” muzeyi yaradılmışdır ki, muzey 2021-ci ildən Genetika kafedrasının tərkibindən ayrılmışdır.