Kafedra haqqında

Zoologiya və fiziologiya kafedrası 05 may 2020-ci ildə “Zoologiya” və “İnsan və heyvan fiziologiyası” kafedralarının bazasında yaradılmışdır. İnsan və heyvan fiziologiyası kafedrası 1920-ci ildə yaradılmışdır. Kafedranın təşkilatçısı dünya şöhrətli fizik, Nobel mükafatı laureatı akademik Lev Landaunun anası prof. Lyubov Qarkavi-Landau olmuşdur. 1924-cü ildə kafedraya Pavel Rostovtsev rəhbərlik etmişdir. Akademik Abdulla İsmayıl oğlu Qarayev (1937-1966), prof.Tələt Qayıbov (1966-1992),  prof. Haqverdi Cəfərov (1992-1997), prof. Əli Əliyev (1997-2018), dos. Validə Mədətova ( 2018-2020) kafedraya rəhbərlik etmişlər.

Bakı Dövlət Universiteti yarandığı 1919-cu ildən onun tibb fakültəsində ümumi zoologiya fənni tədris olunmağa başlanıb (lektor prof.Yelpatevski). 1934-cü ildə Ümumi zoologiya kafedrası yaradılıb. Kafedra müdiri  prof. Aleksandr Derjavin olmuşdur. 1945-ci ildə Ümumi zoologiya kafedrası bazasında 3 müstəqil kafedra yaradılıb: Genetika və darvinizm; Onurğasızlar zoologiyası; Onurğalılar zoologiyası.

Onurğasızlar zoologiyası kafedrasına prof.Valentina Nikolayevna Rusanova (1945-1961), prof. Abdulla Ələkbərov (1961-1967), prof. Şamil Cəfərov (1967-1974), yenidən prof. Abdulla Ələkbərov (1975-1978), prof. Fərzəli Ağamalıyev (1979-2018) rəhbərlik etmişlər.

Onurğalılar zoologiyası kafedrasına dos. Kamal Qəmbərov (1945-1977), prof. Abdulla Mustafa oğlu Ələkbərov (1978-1985), prof. Hacıbaba Səməndər oğlu Abbasov (1985-1991), prof.Qara Teyfur oğlu Mustafayev (1992-2018) rəhbərlik etmişlər. Kafedrada faunistik tədqiqatlarla yanaşı ekoloji istiqamət də inkişaf etdiyi üçün 1997-2011-ci illər ərzində Q.T. Mustafayevin təşəbbüsü ilə Onurğalılar zoologiyası və bioekologiya adlandırılmışdır. 2011-ci ildə Ekologiya fakültəsi nəzdində Bioekologiya kafedrası yaradıldığına görə kafedra yenidən Onurğalılar zoologiyası adı altında fəaliyyətini davam etdirmişdir.

27.12.2017-ci ildə Onurğasızlar zoologiyası və Onurğalılar zoologiyası kafedraları birləşdirilərək Zoologiya kafedrası yaradılmışdır. 2018-ci il fevral ayından kafedraya prof. Canbaxış  Nəcəfov (2018-2020) rəhbərlik etmişdir.

05.06.20-ci ildə  Zoologiya və İnsan və heyvan fiziologiyaları kafedraları birləşdirilərək Zoologiya və fiziologiya kafedrası yaradılmışdır. 2022-ci ilin fevral ayına qədər kafedraya rəhbərlik növbəli şəkildə dos.Validə Mədətova və prof. Hökümə Quliyevaya həvalə olunub. 2022-ci il yanvar ayının 28-də seçki yolu ilə  Əbülfəz Nağı oğ­lu Tağıyev kafedra müdiri vəzifəsinə seçilmişdir.

Kafedrada 5 tədris laboratoriyası fəaliyyət göstərir, 2 elmlər doktoru-professor, 21 elmlər namizədi və ya fəlsəfə doktoru (11 dosent, 2 dosent əvəzi, 6 müəllim, 1 böyük laborant), 1 laboratoriya müdiri, 5 böyük laborant, 1 laborant çalışır.

Kafedranın elmi istiqaməti Azərbaycanında fauna, flora və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması, səmərəli istifadəsi, müxtəlif eksperimental şəraitdə heyvanlarda baş verən fiziki-kimyəvi dəyişikliklərin mexanizminin tədqiqidir. Kafedra respublikamızda biomüxtəlifliyin tədqiq edilməsi, səmərəli istifadəsinin və qorunmasının strategiyası və taktikasının yaradılması istiqamətində  fəaliyyət göstərir.

Kafedranın ABŞ, Kanada, İngiltərə, Fransa, Avstraliya, Türkiyə, Rusiya, İran, Çexiya, Ukrayna, Belorusiya, Gürcüstan və s. kimi ölkələrin elmi-tədqiqat və təhsil müəssisələri ilə beynəlxalq əlaqələri mövcuddur.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina, 2-ci mərtəbə, otaq 283a, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5391091 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2022
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət