BDU-nun 105, Biologiya fakültəsinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) 105 və Biologiya fakültəsinin 90 illik yubileyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib. Tədbir Azərbaycan və dünyanın müxtəlif ölkələrindən olan elm xadimlərinin iştirakını təmin edərək biologiya sahəsindəki ən son nailiyyətlərin müzakirəsinə imkan yaradıb.
Açılış mərasimi Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını vurğulayıb. O, Azərbaycanın ekoloji siyasətinin təməlini Ümummilli Lider Heydər Əliyevin qoyduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Hüseyn Məmmədov, həmçinin, BDU-da biomüxtəlifliyin qorunması, ekoloji maarifləndirmə və yaşıl texnologiyaların inkişafına yönəlmiş bir sıra mühüm layihələr barədə məlumat verib. Bu il universitetdə “Eko Məkan” adlı ekoloji tədqiqat və maarifləndirmə mərkəzi açılıb, həmçinin Baş Prokurorluq ilə birgə ECOLEAD Klinikası fəaliyyətə başlayıb. Tədbirdə BDU-nun tələbə komandalarının beynəlxalq uğurlarından da bəhs edilib.
Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova fakültənin 90 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. O qeyd edib ki, konfrans fakültənin uğurlarını nümayiş etdirməklə yanaşı, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək, yeni tədqiqat sahələrini inkişaf etdirmək üçün də mühüm platformadır.
Konfransda 11 ölkədən 39 tanınmış alim və tədqiqatçılar iştirak edir. Konfrans çərçivəsində genetika, biotexnologiya, ekologiya, tibbi biologiya, nanobiotexnologiyalar kimi sahələrdə 173 elmi-tədqiqat işi müzakirə olunacaq.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, M. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Mahir Məmmədov, tanınmış alim, şair, professor Mahirə Nağıqızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Türkiyənin Yasar Universitetinin dekanı İsmayıl Türkan, Pakistanın Quaid-i-Azam Universitetinin professoru Muhammad Zafar, Özbəkistanın Andican Dövlət Universitetinin professoru Svetlana Məmbətullayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev çıxışlarında biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar..
Beynəlxalq elmi konfransın sessiyaları iki gün ərzində müxtəlif mövzularda elmi təqdimat və diskussiyalarla davam edəcək. Tədbirin əsas hədəfi biologiya sahəsində nəzəri və praktiki biliklərin mübadiləsi üçün platforma yaratmaq, multidissiplinar əməkdaşlığı genişləndirməkdir.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Gənclər Fondu, həmçinin Biyan Products, Koreya Şərq Təbabəti Klinikası və Coca-Cola şirkətlərinin dəstəyi ilə həyata keçirilir.