Sevinc Məmmədova məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 24 may 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Zoologiya və fiziologiya kafedrasının müəllimi Sevinc İbrahimxəlil qızı Məmmədova “Müxtəliv maddələrin canlı orqanizmin fizioloji funksiyalarına təsiri” adlı məruzə ilə çıxış edəcək. Məruzədə Azərbaycanda ilk dəfə fosfor tərkibli gübrələrin (Ammophos və Kristalon) çəki balığının fizioloji funksiyalarına təsiri haqqında məlumat veriləcək. Məlumdur ki, su ekosistemləri, bir qayda olaraq, biotik və abiotik ekoloji amillərin yaratdığı bütün təsirləri əks etdirir, həm də kifayət qədər aydın antropogen təsir izlərini daşıyır. Müxtəlif hidroqrafik hövzələrdə insan fəaliyyətinin artması əhəmiyyətli, bəzən isə çətin ekoloji problemin yaranmasına səbəb olur. Bu prosesin həlli yollarının axtarışı bir tərəfdən ətraf mühitin mühafizəsi ilə digər tərəfdən ona müdaxilənin kəskin şəkildə artan aktivliyi arasında balansın saxlanmasına əsaslanır. Müxtəlif maddələrin fərdlərə, populyasiyalara və bəzən növlərə həm qısamüddətli, həm də uzunmüddətli təsirinin öyrənilməsi mühüm yanaşmadır. Bu cür elmi-tədqiqat işlər ümumilikdə su ekosistemlərinin dinamikasını başa düşməyə işıq salır. Bu baxımdan, məruzədə müxtəlif biomarkerlərin (fizioloji, sitoloji, histoloji) öyrənilməsi haqqında məlumat veriləcək.