“Narkomaniyaya YOX deyək!” adlı tədbir keçiriləcək
18 aprel 2022-ci il tarixində saat 13:00 da yeni tədris bunasının akt zalında (I-ci mərtəbə) Biologiya, Kimya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçiriləcək. Tədbirin mahiyyəti gəncləri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa çağırmaqla, onları zərərli vərdişlərdən uzaq olmaq üçün maarifləndirməkdir.
Tədbirdə mövzu ilə bağlı ehtiyyatda olan polis polkovniki Adıgözəl Adigözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq həkimi Fəzail Sadığov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin 4-cü kurs tələbəsi Ayşən Qəribova çıxış edəcəklər. Onlar gənclər arasında narkotik ilə bağlı hüquq pozuntularının profilaktikası, psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri,asılılığın başvermə səbəbləri, narkotikin kimyəvi tərkibi və yaratdığı fəsadlar haqqında məlumatlar verəcəklər.
Unutmayaq ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Arzu edənlər iştirak edə bilər.