Anar Məmmədov məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 26 aprel 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Anar Tofiq oğlu Məmmədov “Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bio-ekologiyasının monitorinq yolu ilə öyrənilməsini, çoxparametrli bio-ekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunmasının taktik tədbirlərinin hazırlanmasının müzakirəsini əhatə edəcəkdir.
Azərbaycanda qızılquşkimilərə münasibətin tarixi köklərinin öyrənilməsi ümumilikdə zoologyanın və ekologiyanın tarixini öyrənmək üçün nümunə ola bilər. Qızılquşkimilərə dair populyasiya səviyyəsində oçerklərin çoxparametrli ekoloji məlumatlardan ibarət olması onurğalı heyvanların başqa qruplarına da (xüsusən, quşlardan toyuqkimilərə və qazkimilərə) tətbiq oluna bilər. Qızılquşkimilərin qorunmasına və səmərəli istifadəsinə dair müəllifin təklifləri quruda yaşayan onurğalı heyvanların başqa qruplarına da tam və ya qismən aid edilir. Bu baxımdan xüsusi rejimlə qorunan ərazilərdən kənarda quşların qorunması tədbirlərinin daha geniş istifadə edilməsi mühüm əhəmiyyət kəsb edə bilər.
Elmi seminarda ilk dəfə olaraq Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəli çoxillik məskunluğunun monitorinq üsulu ilə öyrənilməsi, antropik və antropogen faktorların təsiri və həmin təsirlərə bu növlərin ekoloji reaksiyası müzakirə olunacaq.