Asim Səfərov məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Elm günü” ilə bağlı silsilə tədbirlər sırasında 15 mart 2022-ci il tarixində saat 14-00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Botanika və bitki fiziologiyası kafedrasının dosent əvəzi Asim Səfərov “İqlim dəyişkənliyinin dağ ksetofit bitkilərinə təsiri ilə bağlı müzakirələr” adlı məruzə ilə çıxış edəcək. Məruzənin mövzusu son 150-200 ildə planetdə baş verən iqlim dəyişkənliklərinin Yer kürəsinin bitki örtüyünə təsirinin təhlil olunması, ayrı-ayrı bitkilik tiplərində bu dəyişkənliklərin təsiri altında yaranan deqradasiyaların müasir vəziyyətinin analizi, həmçinin Azərbayan Respublikasının bitki örtüyündə mühüm elmi-praktiki əhəmiyyət kəsb edən, digər bitkilik tiplərindən özünəməxsus bioekoloji əlamət və xüsusiyyətləri ilə fərqlənən dağ-kserofit bitkiliyinin müasir vəziyyətinin müzakirəsini əhatə edəcəkdir.
Meşə bitki örtüyü sahələrinin antropogen faktorun və təbii faktorların təsiri nəticəsində kəskin surətdə azalması, səhralaşma probleminin planet miqyasında genişlənməsi, texnogen faktorların atmosferi çirkləndirməsi, dünya okeanında mövcud olan təbii proseslərin normal axınında müşahidə olunan pozuntular, daimi sualtı axınların istiqamətinin dəyişməsi və s. ekoloji problematik məsələlər elmi seminarda müzakirə olunacaq.
Elmi seminar planetimizdə havanın orta illik temperaturunun son 50 ildə kəskin dərəcədə istiləşməsinin biosferə və xüsusilə bitki örtüyünə təsirinin nəticələrini və bu prosesin mümkün olacaq dərəcədə zəiflədilməsi istiqamətində görülə biləcək tədbirlər planının elmi əsaslarının hazırlanması, bu istiqamətdə görüləcək işlərin planının tərtib olunması məqsədi daşıyır.
Arzu edənlər iştirak edə bilər