Aygün Nəsibova məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 10 may 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda Biofizika və biokimya kafedrasının əvəzçiliklə dosenti, b.ü.f.d. Aygün Namiq qızı Nəsibova “Canlı sistemlərdə anomal maqnit xassələri” adlı məruzə ilə çıxış edəcək.
Məruzənin mövzusu canlı sistemlərə müxtəlif stres amillərin təsirinin tədqiqi zamanı ali bitkilərdə və digər bioloji sistemlərdə nanofazalı dəmir oksidi maqnit hissəciklərinin biogen generasiyası hadisəsinin aşkar edilməsinə həsr edilmişdir. Ionlaşdırıcı qamma radiasiyanln və radioaktiv çirklənmənin canlı sistemlərə təsiri in vivo və in vitro tədqiqatları ilə araşdırılmışdır.
Elmi seminarda Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyası üsulu ilə aparılan araşdırmalarda stres zamanı canlı sistemlərdə yeni paramaqnit mərkəzlərin aşkar edilməsi və ilk dəfə olaraq onların dəmir oksidi maqnit nanohisssəciklərinə məxsus olması müzakirə olunacaq.