AMEA-nın Genetik Ehtiyyatlar İnstitutunun doktorantı Rəsulova Ləman məruzə ilə çıxış edəcək
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 5 aprel 2022-ci il tarixində saat 14:00-da 445 saylı auditoriyada elmi seminar keçiriləcək. Seminarda AMEA-nın Genetik Ehtiyyatlar İnstitutunun doktorantı Rəsulova Ləman Qabil qızı “Ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri” adlı məruzə ilə çıxış edəcək. Doktorantın elmi rəhbəri BDU-nun Genetika kafedrasının dosenti Nəzakət Tağı qızı Hüseynovadır. Məruzənin mövzusu ətraf mühitə sənaye müəssisələrindən, nəqliyyat vasitələrindən, kənd təsərrüfatından və digər sahələrdən daxil olan mutagen və kanserogen (o cümlədən promutagen və prokanserogen) maddələrin genetik strukturlara təsirinin müzakirəsini əhatə edəcəkdir. Daxil olma mənbələrinə görə fərqləndikləri kimi, həmin maddələr təsir mexanizmlərinə görə də fərqlənirlər. Ətraf mühitin çirklənməsində başlanğıc formada inert olan, yalnız metabolik aktivləşmədən keçdikdən sonra reaktiv metabolitlər yaradan promutagen və prokanserogenlər yüksək pay sahibidirlər. Promutagenlərin geniş yayılmış və həyat fəaliyyətimiz dövründə tez-tez və daha çox rastlaşdığımız nümayəndələri – DMNA, TF, BP-dir. Bu maddələr yüksək promutagen və kanserogen xüsusiyyətləri ilə xarakterizə olunurlar. Onların bu cür xüsusiyyətlərinin üzə çıxması isə mikrosomal monooksigenaz sistemin fermentlərinin, ilk növbədə sitoxrom qrupu fermentlərinin aktivliyindən birbaşa asılıdr. DMNA, TF və BP mutagenliyinin öyrənilməsi üçün təcrübələr aparılmışdır. Bu təcrübələr nəticəsində isə həmin maddələrin müxtəlif test obyektlərdə mutasiya yaradan ən effektivli dozası müəyyənləşdirilmişdir. Promutagenlərin daha çox yayılması, istehsalat zamanı promutagenlərlə bilavasitə kontaktda olan insanlarda, onların təsirinin neytrallşdırmağın mümkünlüyünü, eyni zamanda irsi strukturların genotoksikliyinin korreksiyası müzakirə olunacaq.