Əziz abituriyentlər!
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Respublikada biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Hazırda ali təhsil pilləsinin bakalavriat səviyyəsində 6 ixtisas üzrə Azərbaycan, rus və ingilis dillərində 1200-dən artıq tələbə təhsil alır. Biologiya ixtisası üzrə həm əyani, həm qiyabi təhsilalma formaları mövcuddur. Bakalavr məzunlar magistratura və doktorantura səviyyələrində təhsillərini davam edə bilərlər.
Biologiya fakültəsində 6 kafedra fəaliyyət göstərir: Biofizika və biokimya, Botanika və bitki fiziologiyası, Genetika, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, İCESCO Biotibbi materiallar. Kafedralarda biologiyanın müxtəlif sahələrinə aid tədris laboratoriyaları mövcuddur. Tələbələr tədrislə yanaşı, kafedralarda aparılan elmi tədqiqat işlərinə qoşulur, layihələr üzərində işləyir, elmi konfranslarda iştirak edirlər. Fakültədə çalışan 1 akademik, 1 AMEA-nın müxbir üzvü, 15 elmlər doktoru, 55 biologiya elmləri namizədi, biologiya üzrə fəlsəfə doktoru, 8 müəllim yüksəkixtisaslı kadr hazırlığını təmin edirlər. Biologiya fakültəsinin məzunları əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrlardır. Təhsillərini aparıcı xarici universitetlərdə davam etdirmək üçün tələb olunan bütün biliklərə yiyələnmiş olurlar. Fakültə respublikadaxili və beynəlxalq əlaqələrə malikdir. Fakültədə çoxsaylı beynəlxalq layihələr hesabına tələbələrin səmərəli istehsalat təcrübəsi və universitetlərarası mübadilə proqramları həyata keçirilir.
Əziz abitruyentlər!
Siz BDU-nun Biologiya fakültəsini seçməklə gələcəkdə müvafiq sahə üzrə yüksəkixtisaslı, peşəkar kadr olmaq üçün ilk addım atmış olacaqsınız. Biologiya fakültəsində bakalavriat səviyyəsində qəbul aparılan 6 ixtisasın özünəməxsus spesifikliyi və fakültə məzunlarının əmək bazarında rəqabətliliyi xüsusi vurğulanmalıdır.
Fakültədə bakalvriat səviyyəsi üzrə 6 ixtisasda kadr hazırlanır:
Biologiya ixtisası üzrə bakalavrlar fundamental bilik və bacarıqları qazanmaqla ETN-nin biologiya profilli müxtəlif elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, suyun keyfiyyətinə nəzarəti təmin edən laboratoriyalarda, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarda çalışa bilərlər.
Biologiya müəllimliyi ixtisası üzrə bakalavrlar müəllimlik ixtisaslarına müasir tələblərə cavab verən kadrlar olaraq, Respublikanın ümumi orta təhsil məktəblərində Biologiya fənni üzrə müəllim işləyə bilərlər.
Su bioehtiyatları və akvakultura ixtisası üzrə bakalavrlar bu sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, balıq və digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan müəssisələrdə işlə təmin oluna bilərlər.
Biotexnologiya ixtisası üzrə bakalavrlar istehsalatda tələb olunan müasir biotexnoloji bilik və bacarıqlara yiyələnmiş kadr olaraq, biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.) işlə təmin oluna bilərlər.
Bitki mühafizəsi ixtisası üzrə bakalavrlar Ekologiya və təbii sərvətlər nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, Milli Parklarda, Qoruqlarda, elmi tədqiqat institutlarında işlə təmin oluna bilərlər.
Qida mühəndisliyi ixtisası üzrə bakalavrlar məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini öyrənməklə Qida Təhlükəsizliyi İnstitutu, qida standartları qurumları, otellərdə, restoranlarda, bu sahədə fəaliyyət göstərən istehsalat müəssisələrində işlə təmin oluna bilərlər.
Biologiya fakültəsinin məzunları işğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun fəsadlarının aradan qaldırılmasına yönəlmiş layihələrdə mütəxəssis kimi iştirak edə bilərlər.
İxtisasdan asılı olmayaraq, fakültədə tədris və elmi işlərin təşkili yüksəkixtisaslı, əmək bazarında və xarici universitetlərin məzunları ilə rəqabət apara biləcək kadrlar hazırlanır.
Biologiya fakültəsində təhsil alan tələbələr həmçinin fəal sosial həyat yaşayırlar. Fakültədə fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyətinə üzv olmaqla, tələbələrimiz müxtəlif sosial layihələr həyata keçirir, elmi layihələrə qoşulur, universitet və fakültə səviyyəli müxtəlif tədbirlərin həm təşkilatçısı, həm də iştirakçısı olur, dövlət tədbirlərində iştirak edirlər.
Biologiya fakültəsinə qəbul IV ixtisas qrupu üzrə aparılır. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.
Fakültə dekanı