Dünyanın üzləşdiyi təhlükələrdən xilas yolu: "Yaşıl Dünya”mızı yaradaq"
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tətəflər konfransı 29-cu sessiyasına Azərbaycanın ev sahibliyi etməsi cəmiyyətdə ”yaşıl düşüncə”nin formalaşmasına, vətəndaşlarımızı ”yaşıl həyat” tərzi keçirməyə sövq edəcək, prioritet hədəf olan ”yaşıl inkişaf” üçün yeni səhifə açacaqdır.
Tərəqqi və inkişaf axtarışımızda biz çox vaxt planetimizin ekosistemlərinin incə tarazlığını gözdən qaçırırıq. Fəaliyyətimizin nəticələri planetimizdə təbii sərvətlərin tükənməsi, biomüxtəlifliyin itirilməsi, çirklənmə səviyyəsinin yüksəlməsindən başlayaraq iqlim dəyişikliyinə qədər ətraf mühitin qorxunc deqradasiyası şəklində açıq formada özünü büruzə verir və bildiyimiz kimi həyatın əsasını təhdid edir. Bu misli görünməmiş bioloji və ekoloji problemlər təkcə indiki həyat tərzimizi təhdid etmir, həm də planetimizin gələcəyini və gələcək sakinlərinin sağlamlığını təhlükə altına qoyur. Yerin aparıcı sakinləri olaraq, bu aktual problemləri həll etmək üçün fəal tədbirlər görməyimiz vacibdir, demək olar ki, gecikirik. Tədbirləri həyata keçirmək üçün planetin hər bir vətəndaşı ekoloji düçüncəyə malik olmalıdır. Burada maarifləndirmənin rolu qaşılmazdır. Ekoloji tədbirlərin görülməsi üçün planetimizdə baş verən bioekololoji problemləri ümumi şəkildə nəzərdən keçirək.
Qlobal istiləşmə və iqlim dəyişikliyi, dünyamızın üzləşdiyi mühüm təhlükələrdən biridir və inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir ölkə iqlim dəyişikliyinin təsirindən sığortalanmayıb. İstixana qazı emissiyalarının artması, qalıq yanacaqların yandırılması və meşələrin qırılması bu problemləri yaradan başlıca amillər sırasındadır. Temperaturun artması, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi kimi hadisələr hər kəsin diqqətini cəlb edir. Bunun nəticəsi kimi qasırğalar, quraqlıqlar və daşqınlar kimi ekstremal hava hadisələri daha tez-tez baş verir. Bu hadisələr qida və su təhlükəsizliyinə, quraqlıq və ekstremal hava hadisələri olan regionlarda mənimsəmə münaqişələrinin artmasına səbəb olur. İqlim dəyişikliyi insan sağlamlığına təsir edərək xəstəliklərin artmasına, başlıca olaraq, qan damar, tənəffüs problemlərinin yaranmasına, onkoloji xəstəliklərin, anadangəlmə patologiyaların artmasına infeksion və sahib orqanizmlər vasitəsilə xəstəliklərin yayılmasına səbəb olur. Bundan əlavə temperaturun yüksəlməsi və yaşayış yerlərinin dəyişməsi, bir çox bitki və heyvan növlərinin təhdid altında saxlayır. Bu, biomüxtəlifliyin itirilməsinə və ekosistemlərin tarazlığının pozulmasına səbəb olur.
İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yolların biri qalıq yanacaqlardan günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçiddir. Bu, istixana qazı emissiyalarını azaltmağa və daha dayanıqlı enerji sistemi yaratmağa kömək edir. Meşələrin, bataqlıq ərazilərin və digər ekosistemlərin mühafizəsi və bərpası atmosferdən karbon qazının udulmasına və biomüxtəlifliyin qorunmasına kömək edir. Davamlı monitorinq aparılması və proqnozlarının verilməsi, uyğun strategiyalarının işlənib hazırlanması, ekstremal hava hadisələri üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi iqlim dəyişikliyinin təsirlərini uğurlu idarə etmək imkanı yaradır.
Biomüxtəlifliyin azalması planetimizin üzləşdiyi ən kritik problemlərdən biridir. Meşələrin qırılması, təbii ərazilərin məhv edilməsi və insan fəaliyyətinin nəticələri kimi digər təsirlər bitki və heyvan növlərinin sayının həyəcanverici sürətdə azalmasına səbəb olur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) 2023-cü ilin statistik məlumatlarına əsaslanaraq 150 mindən çox növ qlobal qırmızı siyahıya daxil edilib. Qlobal səviyyədə 993 növ ümumiyyətlə yoxa çıxmış, 9 mindən çox növ isə təəssüf ki, məhv olma təhlükəsi ilə üz-üzədir. 36 min növ isə azalan tendensiya göstərir. Regional və ya ölkələr səviyyəsində qırmızı siyahılara düşən növləri topladıqda bu say dəfələrdə yüksəkdir.
“Qırmızı Kitab”ın hər üç nəşrində verilən təhlilə görə ümumilikdə Azərbaycanda nadir növlərin sayı 1989-cu ildə 248, 2013-cü ildə 523, 2023-cü ildə 701 növdür. 58 növ çəhrayı siyahıya daxil edilib. Azərbaycan dövləti təbiət ərazilərinin mühafizəsində müstəsna ekoloji siyasət yürüdür və regional təbii tarazlığın mühafizəsində qlobal əhəmiyyət daşıyır. 2003-cü ilə qədər milli parkı belə olmayan Respublikanın bu gün 10 milli parkı var. Bundan əlavə 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı xüsusi ekosistemlərin və növlərin qorunmasında əhəmiyyətli rol oynayır. Yaxın illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin və kiçik rezervatların sayının artırılması qaçılmaz olacaq. Nadir və nəsli kəsilmək təhlükəsi olan flora və faunanın bəzi növlərinin reintroduksiyasının həyata keçirilməsi layihələrinin hazırlanıb həyata keçirilməsi problemin həllində yumşaldıcı effekt kimi çıxış edər.
Planetimizdə növlərin ən çox nadir növ kateqoriyasına düşdüyü əsas təbiət əraziləri meşələrdir (83210 növ). Təbii fəlakətlər, xüsusilə insan fəaliyyətinin nəticəsində baş verən meşə yanğınları bütün ekosistemin pozulmasına səbəb olur. Həmin meşələrin yenidən bərpası uzun illər tələb edir. Yanğından sonra meşənin biokütlə olaraq azalması davamlı ekosistem zəncirinə təsiri ilə bərabər, karbon çirklənməsini, eləcə də istililəşməni artırır. Azərbaycanda uzunmüddətli şiddətli yanğınlar baş verməsə də, lakin son illər statistikada artım müşahidə edilir. Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarına əsasən 2012-2022-ci illərdə ümumilikdə yanğın çağırışlarından (hadisələri) 102 622-si bitki resurslarını (meşə, kol, otlaq, kənd təsərrüfatı və s.) əhatə edir ki, bu hadisələr nəticəsində son 10 ildə 262 696 hektar ərazidə bitki resursları yanmışdır. Bitki əsaslı yanğın hadisələrinə statistik nəzər salsaq, yanğınların 261-i meşələrdə (2924 ha), 91980-i kol-kosda (171009 ha), 554-ü taxıl sahələrində (4915 ha), 9827-si isə biçilmiş taxıl sahələrində (83848 ha) baş verib. Maraqlıdır ki, hər il ümumi yanğın çağırışlarının ortalama 60 faizi bitki resurslarına aiddir. “Azərkosmos”un monitorinq məlumatına görə, təkcə 2022-ci ilin avqust ayında ölkə üzrə 19 yanğın hadisəsi baş verib və 5311 hektar yanan ərazinin 32 faizini meşə sahələri təşkil edib.
Azərbaycan qanunvericiliyinə əsasən meşənin yandırılmasına və ağacların kəsilməsinə görə səbəbkar məsuliyyət daşıyır və məhv edilmiş ağacların oduncaq həcmi və onun öncədən təyin olunmuş qiyməti qədər cərimə ödəyir. Kəsilmiş ağacın nəticəsində ekosistemə dəyən ekoloji zərər də dəyərləndirilməlidir. Bu zaman bitkinin karbon saxlama, digər canlıların varlığına təsiri, torpagın eroziyası və s. kimi dəyərlər dövlət tərəfindən qiymətləndirilməlidir. Bir çox ölkələrdə təbii ehtiyatların topladığı və saxladığı karbon dəyərinin ödəniş mexanizmi tətbiq edilir.
Sənayenin inkişafı nəticəsində havada karbon qazı (CO2) şəklində artan karbon emissiyaları iqlim dəyişikliyi o cümlədən, qlobal istiləşmə ilə nəticələnir. İqlim Dəyişikliyi üzrə Dövlətlərarası Panelin (IPCC) təqdim etdiyi məlumata görə, 2019-cu ildə qlobal karbon dioksid (CO2) emissiyaları rekord həddə 36,4 milyard ton/m2 çatıb. CO2 emissiyalarında mövcud tendensiyalar əsrin sonuna qədər qlobal temperaturun 4,4°C-ə qədər yüksəlməsinə səbəb ola bilər.
Ekosistemlərdə karbon tutulması və saxlanılmasını artırmaq üçün meşələrin salınması, bərpası və torpaqların tərkibinin optimallaşdırılması, karbontutma texnologiyalarından istifadə mexanizmləri həyata keçirilməlidir. Sonrakı nəsillər üçün davamlı gələcəyi təmin etmək naminə karbon emissiyasının neytrallaşmasına iqtisadi və ekoloji əlverişli yollarla nail olmaq üçün beynəlxalq əməkdaşlıq və kollektiv səylər vacibdir. İnkişaf edən ölkələrin koalisiyası 2050-ci ilə qədər tullantıları mütləq sıfıra endirməyi öhdəsinə götürsə də, istiləşməni 1,5°C-dən aşağı saxlamaq üçün 2030-cu ilə qədər emissiyaların təxminən yarısı azaldılmalıdır. Təbii yanacaq istehsalının 2020-ci ildən 2030-cu ilə qədər hər il təxminən 6 faiz azalacağı gözlənilir. İqlim dəyişikliyi ilə mübarizə hökumətlərdən və bizneslərdən əhəmiyyətli maliyyə sərmayəsi tələb edir. Lakin iqlim sahəsində hərəkətsizliyi daha baha başa gəlir.
Bu kontekstdə 2030-2050 hədəfləri üzrə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Qlobal Ever Greening Alyansı, Qlobal Ətraf Mühit Fondu (GEF), Dünya Agromeşəçilik, Vəhşi Təbiəti Mühafizə Fondu, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və başqa təşkilatlar tərəfindən “Bir Milyard Ağac Əkməsi”, “Böyük Yaşıl Divar Təşəbbüsü”, “Trilyon Ağac Təşəbbüsü”, “UN REDD+ Proqramı”, “Bonn Çağırışı”, “Meşə və Landşaft Bərpa Mexanizmi”, “İcma Əsaslı Təbii Resursların İdarə Edilməsi”, “Afrika Meşə Landşaftının Bərpası Təşəbbüsü (AFR100)”, “Silva Carbon Proqramı”, “BMT-nin Ekosistemin Bərpası Onilliyi” kimi bir çox beynəlxalq və regional meşəsalma və meşəbərpa layihələri həyata keçirilir. Azərbaycanda son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən böyük meşəsalma və yaşıllaşdırma proqramları həyata keçirilir ki, gələcək illərdə bunun müsbət təsirlərini və karbon baxımından ölkəyə gətirilən iqtisadi fayda müşahidə ediləcək.
Torpağın deqradasiyası, o cümlədən eroziyası, torpağın münbitliyinin azalması, əkin sahələrinin itirilməsi, qida məhsullarının çiklənməsi, qida maddələrinin tükənməsi qlobal ərzaq təhlükəsizliyini və ümumilikdə ekosistemin sabitliyini təhdid edən sürətlə artan narahatlıqdır. Qeyd etməliyik ki, kənd təsərrüfatının inkişafı və torpaqların idarəçiliyi əhəmiyyətinə görə sıx bağlıdır və ölkədə mühüm iqtisadi fəaliyyətdir. Azərbaycanın 2024-cü ildə dərc olunan Milli Ekosistem Qiymətləndirilməsi sənədinə görə ölkə torpaqlarının təxmini 42 faizi eroziya, 7 faizi isə şoranlaşmanın mənfi təsirinə məruz qalıb və kənd təsərrüfatı üçün yararsızdır. Bundan əlavə sənəddə qeyd edilir ki, 14 min hektar ərazi neftlə çirklənib. Aqromeşəçilik, əkin dövriyyəsi və üzvi əkinçilik, növlərin reintroduksiyası kimi davamlı layihələrin işlənilməsi və qəbulu torpağın deqradasiyasının qarşısını almağa, torpağın münbitliyini artırmağa, zərərli kimyəvi maddələrin istifadəsini azaltmağa kömək edə bilər. Həmçinin meşələrin bərpa edilmə səylərini, torpaqdan istifadənin sistemli planlaşdırılmasını, qiymətli torpaq ehtiyatlarımızın mühafizəsinin idarə edilməsində əhəmiyyətli istifadə edilə bilər.
Su resurslarının və atmosferin çirklənməsi iqlim dəyişikliyinə töhfə verən mühüm ekoloji problemdir. Dəniz və okeanlarda suyun səviyyəsi son 100 il ərzində ortalama olaraq 20 sm artıb. Bu artımın böyük hissəsi son 25 ildə baş verib. Temperaturun artması nəticəsində Arktikadaki buzlaqlar son 40 ildə ortalama olaraq 12 faiz azalıb. Bu, dəniz səviyyələrinin yüksəlməsinə səbəb olur. Himalay, And, Alp və digər böyük dağ sistemlərinin buzlaqları ciddi sürətlə enir ki, bu, yaxın gələcəkdə dəniz səviyyələrinin yüksəlməsini daha da sürətləndirməyi proqnozlayır. Dünyada su mənbələrinin 40 faizdən çoxu ciddi dərəcədə çirklənib və bu proses davam edir. Planetimiz çirklənməyə meyllidir, hər il 8 milyon tondan atıq plastik materiallar dənizlərə daxil olur. Bu, dəniz həyatını ciddi dərəcədə təhdid edir. Qlobal olaraq, çirklənmiş su səthindəki plastik materialın həcmi 5,25 trilyon plastik parçadır. Plastik tullantılar endemik səviyyəyə çatıb və iqlim amillərinin təsirindən daha kiçik hissələrə parçalanır çaylara, dənizə, torpaqlara, çimərliklərə, qida zənciri ilə canlılara o cümlədən, insan orqanizminə transfer oluna bilir. Torpaqlara mikroplastiklər düşərək, onun dərin qatlarına qədər keçə bilir və digər mühitlərə hava və suya asanlıqla transfer olur. Belə ki, alimlərin araşdırmaları nəticəsində mikroplastiklər insanların həyatında istifadə olunan müxtəlif duzların tərkibində, şəkər tozunda, balda, torpaq, dəniz və çaylarda olan canlılarda, insan orqanizmində belə liflər və hissəciklər şəklində aşkar edilmişdir. Araşdırmalar göstərir ki, 267-dən çox növ plastik çirklənməyə məruz qalıb.
Mikroplastiklər planet üçün o, cümlədən də Azərbaycan üçün təhlükədir. Azərbaycanın coğrafi və iqtisadi mövqeyi, təsərrüfatların məşğulluğu mikroplastiklərin çox ciddi monitorinq olunmasını və tullantıların sistemli idarə edilməsini problem kimi önə çəkir.
Bu qlobal problem çərçivəsində Azərbaycanda həmçinin su resurslarının azalması əsas prioritet problem olaraq qalmaqda davam edir. Bu proseslər nəticədə Xəzər dənizinə çox böyük təhdid altındadır. Son onillikdə dənizin səviyyəsi təxmini 1 m enib. Dənizə axan çayların su səviyyəsindən asılı olaraq, Xəzərin su səviyyəsinin dəyişməsi gözləniləndir. Ölkə daxili Xəzərə tökülən çayların davamlı su təminatı üçün regionda respublikalar üzrə suyun səmərəli istifadəsi üçün ortaq proqramların həyata keçirilməsi vacibdir. Digər tərəfdən Xəzər dənizi ölkələrinin neft, kimya digər sənaye müəssisələrindən, kənd təsərrüfatı və məişət tullantıları dənizə axıdılaraq dənizin ekoloji və iqtisadi problemlərlə üzləşməsi ilə nəticələnməkdədir. Bu problemlərin həlli üçün, Xəzər dənizi ölkələri arasında birgə əməkdaşlıq və tədbirlər qəbul edilməlidir. Çirklənmənin azaldılması üçün təmizləmə prosesləri genişləndirilməli, innovativ texnologiyalar tədbiq edilməlidir. Həmçinin, neft və kimya sənayesi tullantıların idarə olunması üçün daha sərt tədbirlər qəbul edilməlidir.
Yuxarıda adları qeyd edilən, hətta qeyd edilməyən çirklənmələr iqlim dəyişmələrinə düzünə və ya dolayı yolla təsir edirlər. Qeyd etməliyik Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurlu sosial-iqtisadi və ekoloji siyasət həyata keçirilir. Bu ölkədə bütün sahələrdə özünü göstərir. Təhsil sistemində, maariflənmə və təbliğat prosesində, yoxsulluğun aradan qaldırılmasında, ətraf mühitə müəyyən dərəcədə təsir edən çirklənmənin azalması və davamlığın artırılması, adaptasiyaların reallaşdırılması, qorunan ərazilərin sayını artırılması və ərazilərinin genişləndirilməsi, meşə və yaşıllıqların salınması, beynəlxalq əməkdaşlığın artırılması, biomüxtəlifliyin qorunması və davamlı inkişafın təminatı istiqamətində sərəncamların verilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqamətinin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin olması və s. özünü göstərir. BMT -nin Davamlı İnkişafın Məqsədlərinin (DİM) hədəflərinin həyata keçirməsində Beynəlxalq əməkdaşlığın rolu danılmazdır.
Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Konvensiyaya Kioto Protokolunu və 2016-cı ildə Paris Sazişini 2024-cü ildə “Qlobal Metan Vədi”ni ratifikasiya etməklə iqlim dəyişikliyinin mənfi təsirlərinin yumşaldılması istiqamətində beynəlxalq səylərə qoşulmuşdur. 2024-cü ildə keçirilməsi planlaşdırılan COP29, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin mühüm bir mərhələsi olacaq.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tətəflər konfransı (COP), Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməkdaşlıq və danışıqlar üçün mühüm platforma rolunu oynayan ali qərar qəbuledici orqanıdır. COP, ölkələrin iqlim dəyişikliyi ilə mübarizəyə və davamlı inkişafın təşviqinə yönəlmiş sazişlər üzrə əməkdaşlıq etmələrini təmin edir. Bu çərçivədə, ölkələr qlobal miqyasda karbon emissiyalarının azaldılması üçün əməkdaşlıq edir və Net Zero Koalisiyası kimi təşəbbüslərlə bir araya gəlirlər. Əlavə olaraq, COP29 maliyyə təminat və texniki kömək təmin etməklə, ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha effektiv olmağa kömək edir. Həmçinin COP, iqtisadiyyatın yaşıl və davamlı inkişafına keçid prosesini də dəstəkləyir və bu, iqtisadi artımı iqlim dəyişikliyi ilə mübarizəyə birləşdirən "iqlim dəyişikliyi-ətraf mühit-əhəmiyyətli iqtisadi tərəfdaşlıq"ın əhəmiyyətini vurğulayır. COP-29 sessiyasında ölkələrin Paris Sazişinə uyğun olaraq öhdəliklərini gücləndirəcəkləri, daha iddialı karbon emissiyası azaltma hədəflərinin qarşıya qoyulması gözlənilir.
Azərbaycan UNFCCC-nin iştirakçısı kimi qlobal ekoloji təşəbbüslərdə həlledici rol oynayır. Ölkə, Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün ciddi addımlar atıb. Azərbaycan, karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı inkişafın təşviqi üçün çətinlikləri öz üzərinə götürür. Bu cür əməkdaşlıq və sazişlər iqlim dəyişikliyi ilə mübarizədə və yaşıl iqtisadiyyatın inkişafında dünya səviyyəsində vacib addımlardır. Azərbaycan kimi ölkələr də COP prosesinə aktiv şəkildə qatılır və ölkədə səmərəli enerji istifadəsi, meşələrin bərpa olunması, biomüxtəlifliyin qorunması, aqrar və qida təhlükəsizliyi sahələrini inkişaf layihələrində nailiyyətləri qeydə almaqda irəliləyir. Əlavə olaraq, ölkə, enerji effektivliyi, alternativ enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun təkmilləşdirilməsi sahələrində beynəlxalq əməkdaşlıq və təcrübələrə də önəm verir.
Azərbaycanın uğurlu ekoloji siyasətinin nümunəsi kimi həyata keçirdiyi layihələr də diqqət çəkir. Ölkə təbii sərvətlərinin mühafizəsi və bərpası üçün ciddi tədbirlər həyata keçirir. Bu tədbirlər arasında meşələrin qırılmasının qarşısının alınması, külək və günəş enerjisinin inkişafı və ətraf mühitə dəyişikliklərin təsirlərinin azaldılması da var. Ölkə əkinçilik və aqromeşəçilik sahəsində davamlı kənd təsərrüfatı proqramları ilə məhsuldarlığı artıraraq, yerli icmalar üçün yeni gəlir mənbələri yaradır. Bununla bərabər, tullantıların effektiv idarə edilməsi və bərpası, ekoturizm təşviqini də özündə əks etdirir. Bu cür addımlar Azərbaycanın qlobal iqlim dəyişikliyi və ekoloji mübarizədə oynadığı rolu göstərir və ölkəni sürətlə dayanıqlı bir iqtisadiyyata doğru aparmağa kömək edir.
Planetin üzləşdiyi problemləri, yumşaldıcı tədbirləri ümumi şəkildə nəzərdən keçirdik. Qlobal ekoloji problemlərin intensiv həllinə və daha davamlı həyat tərzinə keçidə təcili ehtiyac olduğunu daha çox dərk edirik. Bu keçidin mərkəzində təbii ehtiyatların davamlı şəkildə idarə olunması və sosial rifahın yüksəldilməsini təmin etməklə yanaşı, iqtisadi artımı təşviq etməyə çalışan “yaşıl iqtisadiyyat” konsepsiyası dayanır. “Yaşıl iqtisadiyyat” davamlı inkişafı təşviq edərkən ekoloji riskləri və ekoloji çatışmazlıqları azaltmağı hədəfləyən iqtisadi sistemdir. O, resurslardan səmərəli istifadənin, tullantıların və çirklənmənin minimuma endirilməsinin, bərpa olunan enerji mənbələrinə sərmayə qoyulmasının vacibliyini vurğulayır. “Yaşıl iqtisadiyyat”a keçidlə ölkələr yeni iş imkanları yarada, əhalinin sağlamlığını yaxşılaşdıra və ekoloji çağırışlara qarşı davamlılığını artıra bilər.
Davamlı olaraq təcrübələri mənimsəməklə, beynəlxalq əməkdaşlığı inkişaf etdirməklə və planetimizin sağlamlığını prioritetləşdirməklə biz daha yaşıl və daha möhkəm bir dünyaya doğru yol aça, gələcək nəsillər üçün daha davamlı dünya yarada bilərik. Yer kürəsini sabitliyini, resursların müxtəlifliyini qorumaq üçün intensiv və davamlı, sistemli fəaliyyət həyata keçirmək, fərdi və kollektiv öhdəlik götürmək vaxtıdır. Həmrəylik bizi sərhədləri aşmağa və planeti qorumaq üçün birgə fəaliyyət göstərməyə dəvət edir. Yaşıl Dünya Naminə Həmrəylik İli ekoloji davamlılığı təşviq etmək və xalqlar arasında həmrəyliyi gücləndirmək məqsədi daşıyan qlobal təşəbbüsləri təşviq edir. Bu təşəbbüslərə bərpa olunan enerji mənbələrinin inkişafı, biomüxtəlifliyin qaynar nöqtələrinin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadə edilməsi təcrübələrinin təşviqi daxildir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tətəflər konfransının 29 -cu sessiyasına Azərbaycanın ev sahibliyi etməsi ölkədə sosial-iqtisadi və ekoloji inkişafa töhfələr verərək, ”Yaşıl İnkişafa Doğru” aidiyyəti üzrə dövlət qurumlarında, vətəndaş cəmiyyəti, təhsil sistemində innovasiyaların tətbiqinin genişləndirilməsinin, təbii və insan kapitalının inkişaf etdirilməsində yeni mərhələyə keçirilməsinin vacibliyini yaradacaq. Azərbaycanda nümunə olan model cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işgaldan azad edilmiş ərazilərdə yaradılan müasir infrastruktur sistemidir.
Biz bioloq və ekoloqlar dünya və Azərbaycan ictimaiyyəti ilə birgə çalışaraq öz tədqiqatları və səyləri ilə planetimizin biomüxtəlifliyinin qorunub saxlanmasında, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında, ümumilikdə ətraf mühitin çirklənməsinin azaldılmasında və invaziv növlərə nəzarət edilməsində rol oynayaraq mühüm nəticələr əldə etməyə nail olmaq vəzifəmizdir . Bakı Dövlət Universitetinin Biologiya fakültəsində biologiya, kimya, iqtisadiyyat, ekologiya, fizika, coğrafiya ixtisasları üzrə mütəxəssis alimlərin birgə fəliyyətinə, modelləşmə prinsipləri əsasında multidisiplinar tədqiqatlara önəm verilir. Tələbəyönümlü təhsil prosesində müasir düşüncəli kadrların hazırlanmasına səy göstərilir. Multidisiplinar şəkildə ölkənin Davamlı İnkişaf Məqsədlərinə uyğun “yaşıl inkişafı“ təmin etmək üçün ölkədaxili və beynəlxalq layihələrin həyata keçirilməsi, maddi texniki bazanın gücləndirilməsi, ölkə iqtisadiyyatının yeni mərhələsində düşünürük töhfə verəcək.Bu prosesdə innovativ texnologiyaları tətbiq etməyi bacaran “yaşıl düşüncə”yə malik kadrların hazırlanması vacib şərtlərdəndir. Hər birimiz ixtisasımızadan, tutduğumuz mövqedən və imkanlarımızdan asılı olaraq, ətrafımızda gələcək nəsillər naminə, planetimizi yaşıl etmək naminə, həmrəy olmalı, yaşıl dünyanı yaratmaq üçün səy göstərməli, maariflənməli, maarifləndirməli, müşahidə və tədqiqatlar apararaq, gənclərimizi bu proseslərə cəlb etməli, müasir innovativ laboratoriyalara sahib olaraq, yeni yaşıl dünyamızı qurmağa çalışmalıyıq.
Göründüyü kimi, bütün təbii proseslər bir-biri ilə qarşılıqlı təsirdədir. Biz dünyanın ali varlıqları təbii tarazlığı, ekosistem zəncirini pozduqda, bu düzünə və ya dolayı yolla iqlim dəyişikliyinə səbəb olur. Iqlim dəyişikliyi isə yenidən təbiətə, canlılara, o cümlədən, insanlara zərər gətirir. Biz insanlara sağlam, xoşbəxt rifahlı həyat lazımdır. Bunun üçünsə həmrəy olmalıyıq.
Gəlin həmrəy olaq, “yaşıl dünya”mızı yaradaq və reallığa çevirək…
Afət Məmmədova,
Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı, professor