BİOLOGİYA FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ ŞAHDAĞ MİLLİ PARKINA EKSKURSİYA EDİBLƏR
Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri, BDU-nun Biologiya fakültəsinin əməkdaşları Könül Hacıyeva və Səma Əhmədlinin rəhbərliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” proqramı çərçivəsində Şamaxı rayonunda səfərdə olublar.
Tədbir proqramının əsas məqsədi tələbələrə parklarda, xüsusi mühafizə olunan ərazilərdə qorunan heyvan və bitki növləri, suyun, havanın təmiz olmasının vacibliyi, ekoloji çirklənmənin qarışısının alınması yolları, bitki və heyvan növlərinin sayının artırılması haqqında məlumat verməkdir.
Tədbir proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının mühafizə üzrə direktor müavini Fərhad Cəlilov və elmi işçisi Orxan İbrahimovun dəstəyi ilə parka ekskursiya təşkil olunmuşdur. Orxan İbrahimov tələbələrə parkda qorunub saxlanılan bitki və heyvan növləri haqqında geniş məlumat vermişdir. Bundan sonra bu mövzuda tələbələri maraqlandıran suallara cavab verib.
Sonra isə tələbələr Milli Parkın ərazisində yerləşən Qaraçöhrə meşəsində palıd, vələs, fıstıq, ağcaqayın, qaraçöhrə, yemişan, zirinc və s. bitki növləri ilə tanış olublar.
Sonda tələbələr Şamaxı rayonu ərazisində yerləşən “Safari park”da mövcud olan Altay maralı, bizon, zubr, alpaka lama, xallı maral və digər heyvan növləri haqqında məlumat verilmişdir. Bu heyvan növlərinin qorunub saxlanılması üçün ekoloji təmizliyə və ərazinin bitki örtüyünün mühafizəsinə xüsusi diqqət yetirmək lazımdır.